Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənovla məktəblilərin görüşü təşkil edilib. Belə ki, “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbir Qobu qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilən qəsəbədə təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tədbirə həmin qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 17 saylı, Zəngilan rayon 20 saylı və Füzuli rayonu 47 saylı tam orta məktəblərində təhsil alan 55 nəfər keçmiş məcburi köçkün şagird qatılıb
Layihə barədə məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova qeyd edib ki, əsas məqsəd Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etmək, zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etməkdir: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Bu gün Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənov sizlərə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq. Keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını qazimizin öz dilindən eşidəcəksiniz”.
Daha sonra məktəblilər çıxış edən Vətən Müharibəsi qazisi Cavid Həsənov Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin şücaəti, keçdikləri döyüş yolu ilə bağlı məlumat verib. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərinin cəmi 44 günə necə azad edilməsi barədə danışan Cavid Həsənov qəhrəmanlarımızın həyat yolunun hər kəs üçün örnək olduğunu qeyd edib.
Cavid Həsənov şagirdləri respublikamızdakı hərbi məktəblər, hərb sənətinin üstünlükləri, hərbi məktəblərə qəbul qaydaları barədə bilgiləndirib.
Daha sonra çıxış edən Füzuli rayonundan olan Vətən Müharibəsi qazisi Sədi Bağırov müharibə zamanı hərbçilərimizin qəhrəmanlıqlarından danışdı.
Müharibədə yaralı hərbçilərimizi həyata qaytaran Anar Talıbov də bir çox oğullarımızın döyüşdən ayrılmamaq, yoldaşlarını tək qoymamaq üçün xəsarətlərini komandirlərinə bildirmədiklərini və yaralı halda da döyüşdüklərini qeyd edib.
Füzuli rayonu 47 saylı tam orta məktəbin direktoru Sahimə Vəlişova, Kəlbəcər rayon 17 saylı tam orta məktəbin direktoru Esmira Hüseynova bu kimi tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.
Daha sonra Vətən Müharibəsi qazisi Cavid Həsənov məktəblilərin suallarını cavablandırıb.
Qeyd olunub ki, şagirdlər arasında “Zəfərə aparan yol” adlı hekayə müsabiqəsi elan olunub. Şagirdlər Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət əks olunan hekayələrini müsabiqəyə təqdim edə bilərlər.