Ölkədə ictimai institutların gücü, aktivliyi cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. Vətəndaş cəmiyyətinin güclü olduğu ölkələrdə qərarlar qəbul edilərkən toplumun maraqları nəzərə alınır, ictimai fikirlər hesablaşılır. Ədalətli cəmiyyət həm də dövlət idarəçiliyində ictimai iştirakçılığın təmin edilməsini özündə ehtiva edir. Bu mənada QHT və media institutlarının cəmiyyətdəki rolunu xüsusi vurğulamağa ehtiyac yaranır. Amma bu iki təsisat arasənda əlaqələr, əməkdaşlıq heç də tərəfləri qane etmir. Bəs problemlər nədən qaynaqlanır. Məsələyə aydınlıq gətrimək üçün media və QHT təmsilçilərinə müraciət etdik.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, media, QHT, siyasi partiya və digər təsisatlar arasında sağlam, şəffaf və işgüzar əməkdaşlıq hər bir cəmiyyətdə siyasi sabitliyin mühüm şərtlərindən, dayaqlarından biridir. Eyni zamanda cəmiyyətin potensial inkişaf istiqamətlərini üzə çıxaran ən səmərəli mexanizmdir. Təbii ki, Azərbaycanda media ilə QHT-lər arasında fasiləsiz, rəvan və məqsədyönlü əməkdaşlığın qurulmasını biz hər zaman istəmişik. Azərbaycan cəmiyyətinin, dövlətin, QHT-lərin və medianın əsas fəaliyyət istiqamətlərindən biri məhz effektiv qarşılıqlı əməkdaşlıq məsələləri olub. Təbii ki, QHT-lər öz funksiyalarını müəyyən səviyyədə yerinə yetirirlər. Etiraf edək ki, QHT-lər müvafiq dövlət qurumlarının dəstəyilə həm ölkədə, həm xaricdə iqtisadiyyat, tarix, humanitar məsələlər, Qarabağla bağlı maraqlı layihələr icra edirlər. Amma icra olunan bu layihələrin cəmiyyətdə yüksək məmnunluq yaratdığını söyləməkdə şəxsən mən çətinlik çəkirəm. Biri var ki, ümumiyyətlə heç bir iş görməyəsən, biri də var ki, gördüyün iş barədə cəmiyyət xəbərsiz ola. Görülən işlər barədə cəmiyyətin məmnunluq və təminat səviyyəsinin aşağı olması QHT-ləri ciddi şəkildə düşündürməlidir. Açıq desəm, QHT-lərlə media arasında əməkdaşlığın lazımi səviyyədə olmaması belə bir problemin yaranmasına gətirib çıxarır. Əgər QHT-lər müəyyən tematika üzrə yüksək səviyyədə icra etdikləri layihələrin nəticlərini media vasitəsilə cəmiyyətə fasiləsiz çatdırmaqda maraqlı olsalar və buna uyğun mexanizm qursalar, düşünürəm ki, bu problem aradan qalxar. Belə olarsa, həm dövlət, həm cəmiyyət qazanar, həm də QHT-lərlə bağlı zaman-zaman yaranmış neqativ fikirlər aradan qalxar. Cəmiyyətin ayrı-ayrı dairələrində belə bir fikir var ki, QHT-lər dövlətdən nahaq yerə maliyyə alıb xərcləyirlər. Ortada bir nəticə yoxdur. Amma bizim kimi, işlərin içərisində olan adamlar bilirlər ki, həqiqətən də QHT-lər həm layihə təkliflərini hazırlayarkən, həm onları icra edərkən, həm də onların hesabatını verərkən çox böyük əziyyətlər çəkirlər. Amma görülən işlər peşəkar və fasiləsiz şəkildə mediada təbliğ olunmadığından cəmiyyət bundan xəbərsiz qalır”.
A.Quliyevə görə, ilk növbədə QHT-lər özləri maraqlı olmalıdırlar ki, görülən işlərin təbliği üçün media ilə əməkdaşlıq mexanizmi qursunlar: “Bir çox media qurumu QHT-lərlə təmənnasız əməkdaşlıq qurmaqda maraqlıdırlar. Məsələn, rəhbəri olduğum “Bakı-Xəbər” qəzeti 10-15 QHT rəhbərilə sağlam, təmənnasız əməkdaşlıq edir. Onların gördükləri işlərin nəticələrini biz qəzetdə də, saytda da işıqlandırırıq. Mən istərdim ki, bu cür sağlam, təmənnasız əməkdaşlıq tək-tək deyil, bütün media və QHT-lər arasında mövcud olsun. Yəqin ki, həm media, həm də QHT subyektləri qarşıdakı dövrdə belə bir əməkdaşlıq mexanizminin hazırlanmasında maraqlı olacaqlar”.
“Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı isə qeyd etdi ki, QHT-media əməkdaşlığı hər iki tərəfin maraqlarını əhatə edən, eyni zaman da tərəflər üçün ağrılı məsələdir: “Bu iki struktur arasında əməkdaşlıq lazımi səviyyədə deyil. Mən uzun müddətdir ki, QHT-yə rəhbərlik edirəm. Ölkəmizdə də 4000-ə yaxın QHT, yüzlərlə media qurumu mövcuddur. Biz daim mətbuatla əməkdaşlığa xüsusi diqqət yetirmişik. Hesab edirəm ki, əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün QHT və media nümayəndələrinin birgə iştirakı ilə hansısa bir toplantının, görüşün keçirilməsinə ehtiyac var. Demokratik cəmiyyətin qurulmasında, Azərbaycanın dövlət maraqlarının beynəlxalq müstəvidə qorunmasında QHT və medianın birgə əməkdaşlığı vacibdir. Mən QHT-rəhbəri kimi bu günə qədər çoxlu sayda layihələr icra etmişəm, toplantılar keçirmişəm, ictimaiyyətlə görüşmüşəm. Bəzən elə problemlərin şahidi oluruq ki, onun həllində medianın dəstəyinə ehtiyac yaranır və biz problemi olan vətəndaşlarla jurnalistlər arasında əlaqələr yaradırıq ki, onlara köməklik etsinlər”.
N.Orduxanlı həyata keçirilən layihələrin nəticələri barədə ictimaiyyətin dolğum məlumat alması üçün QHT rəhbərlərinin həm media, həm də sosial şəbəkələrdə aktiv olmasının vacibliyini qeyd etdi: “Doğrudur, QHT-lərin media və sosial şəbəkələrlə iş üzrə işçi saxlamaq imkanları məhduddur. Çox vaxt bu işləri QHT-rəhbərlərinin özləri görürlər. Amma inkişaf etmiş ölkələrdə QHT-lərin böyük ofisi, geniş kollektivi olur. Biz bu məsələdə xarici təcrübədən yararlanmalıyıq. Çünki Azərbaycandakı QHT-lər il ərzində 1-2 layihə həyata keçirir ki, onun da büdcəsi çox az olur. QHT-lərin maddi-texniki bazalarının, resurslarının gücləndirilıməsinə ehtiyac var. Düşünürəm ki, QHT-lərin ofisi olarsa, onlar daha səmərəli və aktiv fəaliyyət göstərərlər ki, bu da media ilə əməkdaşlığın güclənməsinə gətirib çıxarar. Həmçinin QHT nümayəndələrinin media və sosial şəbəkələrlə iş bacarıqları artırılmalıdır. Bunun üçün QHT nümayəndələri təlimlərə cəlb olunmalıdır. Onlara bu əməkdaşlığın sirləri, qaydaları öyrədilməlidir. Mən QHT rəhbəri olsam da, həm siyasi sferada, həm media cameəsində aktiv fəaliyyət göstəririəm. Bir neçə televerilişin müəllifiyəm. Eyni zamanda ekspert kimi verilişlərə dəvət olunuram, demək olar ki, hər gün mətbuata müsahibələr, açıqlamalar verirəm. Yəni ideyalarımı ictimaiyyətə bu və ya digər formada çatdırıram. Amma bütün QHT rəhbərlərinin bu imkanları yoxdur”
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.