Teleqraf.com Moderator.az-a istinadla BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Fransa prezidenti Makronun Praqadakı görüşdən sonra Azərbaycanın əleyhinə açıqlamasına münasibətini təqdim edir:
- Qüdrət bəy, Fransa prezidenti Makronun Praqadakı nəticəsi olan 4 tərəfli görüşdən sonra gözlənilmədən Azərbaycanın əleyhinə danışması nə ilə əlaqədar ola bilər?Axı, bu görüşdən sonra çoxlarında sülh sazişinin imzalanmasına ümid yaranmışdı.
- Həmin görüşdən sonra rəsmi bəyənat yayıldı ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu bəyənat Azərbaycanın növbəti və böyük diplomatik uğuru idi. Ermənistanda bunu eşidən çoxları yasa batdı. Görünür, Makrona 4 tərəfli görüşdə İlham Əliyevin yaratdığı auradan çıxması və nəticənin Azərbaycanın ciddi uğuru olmasını başa düşməsi üçün bir neçə gün lazım olub. Böyük ehtimalla erməni lobbisi də onu möhkəm danlayıb. Onun Azərbaycan əleyhinə danışması pərtlikdən qaynaqlanır. Bu açıqlaması ilə o görüşün nəticəsini sıfırlamaq istəyir. Amma anlamır ki, o, bununla bədbəxt erməni xalqına kömək etmir və Ermənistanı bir dövlət kimi məhv edəcək münaqişənin davam etməsinə yol açır. Makron dərk etmir ki, Azərbaycan daha 30 il danışıqlar aparmayacaq. Ermənistan 10 noyabr sazişi üzrə öhdəliklərini yerinə yetirib könüllü olaraq qoşunlarını Qarabağdan çıxarmasa biz onları məhv edəcəyik. Zəngəzur dəhlizinin isə açılmasına imkan yaratmasa Laçın dəhlizi də olmayacaq.
- Astanada MDB dövlət başçılarının zirvə toplantısında Tacikistan prezidentinin Rusiyanın onlarla keçmiş sovet respublikaları kimi davranmasına etiraz etməsinə münasibətiniz necədir?
O çıxışı bəziləri Rəhmanın "qəhrəmanlığı" kimi qələmə verməyə çalışsa da, mən tacik xalqına görə çox üzüldüm. Çıxış məzmun baxımından etirazdan çox yalvarışa bənzəyirdi. Həm də müstəqil dövlətin başçısına deyərlər ki, münasibətlər qarşılıqlı hörmətə əsaslanmırsa, əməkdaşlıq etmə.