17 Oktyabr 2022 17:10
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın mülki insanlara qarşı törətdiyi hərbi cinayətlərə etiraz olaraq aksiyalar keçiriblər.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Ermənistanın müharibə cinayətlərinə həsr olunan məlumatlandırma aksiyalarından biri qardaş Türkiyənin İğdır şəhərində baş tutub.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil olunan aksiyada iki il öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib.

Dərnək sədri Ziya Zakir Acar bildirib ki, Türkiyədəki soydaşlarımız 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olması, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pisləyirlər. Beynəlxalq təşkilatların indiyədək bu faktların araşdırılması istiqamətində heç bir addım atmadığını təəssüflə vurğulayan dərnək sədri bildirib ki, Ermənistan bütün hərbi cinayətlərinə görə cavab verməlidir.

Tədbir iştirakçıları beynəlxalq birliyi xalqımıza qarşı müxtəlif vaxtlarda etnik zəmində törədilmiş insanlığa və sülhə qarşı cinayətlərə görə Ermənistanda məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün təcili qanunvericilik tədbirləri qəbul etməyə çağırıblar.

Eyni zamanda Çexiyanın paytaxtı Praqanın Böyük Karl körpüsü qarşısındakı Krizovniçka Namesti meydanında II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə həsr olunan sərgi-aksiya keçirilib.

Sərgi-aksiya “Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporu fəalı Fərid Əmirəliyevin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilib.

Sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğunu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını əks etdirən fotomateriallar nümayiş etdirilib.

Fotomateriallar “Erməni silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də Azərbaycanın mülki vətəndaşlarına qarşı misli görünməmiş qırğınlar törədib!”, “Gəncə şəhəri üçün dua et!”, “İnsanlıq haradadır?”, “O, sənin övladın ola bilərdi!”, “Bərdə üçün dua et!” və başqa şüarlarla təqdim olunub. Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın “Mən Gəncənin bombardman edilməsi əmrini verdim” etirafına diqqət cəlb edilib. Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda Şotlandiyanın Aberdin şəhərində də Ermənistan müharibə cinayətlərinə həsr olunan məlumatlandırma aksiyası keçirilib. Belə ki, aksiya zamanı “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Nərgiz Morrison şəhər sakinlərinə Azərbaycan həqiqətləri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları, Azərbaycan torpaqlarında yaratdığı mina problemi və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlar barədə ətraflı məlumat verib.

Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığını və ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində üzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən dikletlər sakinlərə paylanılıb.

Bundan əlavə, Ermənistanın Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi İsrailin Kiryat-Yam şəhərində yad edilib.

“Azİz” İsrail-Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dünya gözəldir” Qafqaz Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmailovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və İsrail bayraqları, Ermənistanın müharibə cinayətlərini əks etdrən fotomateriallar nümayiş etdirilib.

Bildirilib ki, İsraildə yaşayan soydaşlarımız iki il öncə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olması, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pisləyir, bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçirirlər.

Tədbir iştirakçıları beynəlxalq birliyi bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər