Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Dəmirçi Plaza”da yanğın-taktiki təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğınların söndürülməsi və yanğın zamanı təxliyyənin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə müəssisə əməkdaşlarının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı şərti olaraq baş vermiş yanğınla əlaqədar “hadisə yerinə” operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə“söndürülüb” və “zərərçəkmişlərin” təxliyəsi həyata keçirilib. Həmçinin, “Dəmirçi Plaza”nın aidiyyəti heyəti yanğınlar zamanı ilkin zəruri davranış qaydaları, o cümlədən təxliyənin təşkili barədə ətraflı məlumatlandırılıb.
Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.