“Avropa Şurası Parlament Assambleyasının sessiyası gərgin keçdi. Burada həmkarlar ermənilərin ətrafına toplaşanların Azərbaycana qarşı informasiya müharibəsindən bəhs etdilər. Azərbaycana qarşı planlaşdırılan hücumlar və planlar var. Bunlar nədir? Sərhədlərdə təxribatlar törətmək, saxta görüntülər hazırlamaq və buların əsasında müəyyən sənədlər qəbul etdirmək - beləcə ölkəmizin imicini zədələmək istəyirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı parlamentin AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, ermənilər Avropa Birliyində uduzurlar: “Onlar ikitərəfli münasibətlərdə də zəif olduqlarını bilirlər. Bəli, bəyanatlar verirlər. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron da bəyanat vermişdi”.
Səməd Seyidov deyib ki, bu dəfə də Avropa Şurasında ermənilər və onun dəstəkçiləri öz sifətlərini təqdim ediblər: “Çalışdılar ki, sənəd qəbul etdirsinlər. Cəhd etdilər ki, bu məsələyə dair məruzəçi təyin olunsun. Amma heç biri keçmədi. Avropada bilirlər ki, bu təxribatları kim və niyə törədir. Bizim müdafiə olunmağımız üçün gücümüz var və bu gücü də cənab Prezident və onun apardığı siyasət yaradır”.
“Maraqlı bir faktı da deyim. Azərbaycana zərbə vurmaq üçün erməni lobbisi Ermənistanda yaşayan ermənilərə də ziyan vurmağa hazırdır. Təki zərbə Azərbaycana da dəysin”,- Seyidov əlavə edib.