20 Oktyabr 2022 23:08
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Ermənistan silahlı birləşmələri ilə təmas xəttində yerləşən strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb.

V.Talıbov xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, şəxsi heyətə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Məlumat verilib ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilib, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunub, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülüb. Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunub, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilib və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilib. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılıb. Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb.

Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri müdafiə mövqelərində olub.

Kapitan Elgiz Yusifli, əsgərlərdən Nicat Həmidli, Nəsbala Həsənov, Qurban Eyvazov və Teymur Quliyev minnətdarlıq edərək şəxsi heyətin qayğı ilə əhatə olunduğunu bildirib, düşmənin hər hansı təxribatına layiqincə cavab veriləcəyini qeyd ediblər.

Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Birimiz hamımız, hamımız birimiz üçün!” şüarını səsləndiriblər.

Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulub. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır.

Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olub, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.

Qeyd olunub ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Qarşıdan gələn soyuq qış aylarında da xidmətin nümunəvi təşkili üçün ön xətt mövqelərində lazımi ehtiyat yaradılıb.

Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılıması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, Ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilib. Burada əsgərlər dövri mətbuatla tanış olur, hərbi və bədii ədəbiyyatları mütaliə edirlər.

Ali Məclisin sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb.

Məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarı da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilib.

Sonra Ali Məclisin Sədri Buzqov bölgəsində yerləşən mövqelərdə də olub, əsgər və zabitlərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilib.

Oktyabrın 20-də V.Talıbov Havuş kəndində də olub, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanıb, pedaqoji kollektivlə söhbət edib. Bildirilib ki, məktəb bu il yüz faizlik nəticə göstərib.

Sonra Ali Məclisin sədri şagirdlərə hədiyyələr təqdim edib.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Musayev məlumat verib ki, kənd əhalisi əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artıb. Son altı ildə kənddə 18 yeni ev tikilib. Hazırda isə iki evdə tikinti işləri aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər