“Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkə Prezidenti İlham Əliyevin birgə həyata keçirdiyi tədbirlər zəngin proqramlarla müşahidə olundu. Zəngilan və Cəbrayılda mühüm tədbirlərin iştirakçısı olan Ərdoğan olduqca mühüm mesajlar verdi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı deyib.
Deputat əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının və Qərbin ikiüzlü siyasətindən danışdı, 30 il müddətində Avropa Şurasının nümayəndələrinin bura gəlməməsini qınadı və xüsusi olaraq hər zaman Azərbaycanla bir yerdə olduğunu vurğuladı:
“Bu onu göstərdi ki, Türkiyə və Azərbaycan xalqı hər zaman birlikdədir. Zəngəzur layihəsi ilə bağlı kiminsə qorxmasının yersiz olduğunu bildirməsi vacib mesaj idi. Hər iki liderin birlikdə fəaliyyəti həm regiona, həm də Türk dünyasına böyük töhfələr verəcək. Ərdoğanın mesajları həm Fransa, həm də İran üçün "soyuq duş" effekti oldu”.