Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Buraxılış mərasimi Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Apparatının əməkdaşlarının iştirakı ilə keçirilib.
Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.
Səfir Rəşad Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan Bayraktar Silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Baykar Müdafiə Sənayesi şirkətinin istehsalı olan AKINCI Silahlı Pilotsuz Uçuş Aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycan Respublikasının müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistan Respublikalarını təmsil edən məzunlara sertifikatlar təqdim edilib.