Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə, tikilməkdə olan Şuşa otel və konfrans mərkəzində, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, “Azərenerji” ASC-nin Hadrut, eləcə də istismarda olan Füzuli yarımstansiyalarında Xidmət tərəfindən yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə açıq və qapalı məkanlarda, o cümlədən inşaat işləri zamanı yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.