S. Seyidov APA-ya açıqlamasında bildirib ki, artıq belə bir prosesin əsası qoyulub ki, Azərbaycanda hüquq mühafizə orqanları hansısa bir addımı atan kimi, dərhal bu təşkilatlardan bəyanat bəyanatın dalınca yağmağa başlayır.
S. Seyidov qeyd edib ki, Azərbaycan bu şəxslərin hansısa bəyanat verməsinə etiraz eləmir: “Amma bəyanatı verəndə bir ətrafa da baxsınlar. Niyə ətrafımızdakı ölkələr ilə bağlı tamam susurlar, ancaq bizim üstümüzə gəlirlər? Nəinki ətrafımız, elə ABŞ-da baş verən son anti-demokratik hadisələrlə bağlı bəyanat vermirlər. Niyə? Bu şəxslərin oradakı məsələlərlə bağlı hələ də bir fikri yoxdur. Ona görə AŞPA prezidenti, Avropa Şurasının baş katibi Azərbaycanla bağlı belə bəyanatlar verəndə, digərləri ilə bağlı da nəsə desinlər. Bütün bunlar onu göstərir ki, söhbət yalnız insan haqlarının keşikçisi kimi canfəşanlıq etməkdən yox, konkret subyektiv mövqedən çıxış edərək, Azərbaycanı məqsədli hədəf seçməkdən gedir”.
S. Seyidov onu da deyib ki, Azərbaycanda Avropa Şurası ilə birgə xoş niyyətlə yaradılmış İşçi qrupu bu kimi məsələlər ilə lazımı formada məşğul olur və bundan sonra da olacaq: “Amma bilməlidirlər ki, insan haqları məsələsini konteksdən çıxarıb hüquq-mühafizə orqanlarına təzyiq vasitəsi kimi istifadə etmək bizdə qəbul olunmaq məsələdir. Ona görə də hər iki şəxsin konkret maddə ilə bağlı saxlanılmasına baxmayaraq belə bəyanatları xeyir gətirməyəcək, yalnız Avropa Şurasının imicinə zərbə vuracaq. Azərbaycanı hədəf seçmək düzgün addım deyil”.
Qeyd edək ki, AŞPA prezidenti Ann Brassör və Avropa Şurasının baş katibi Turbyern Yaqland jurnalist Xədicə İsmayılın həbsi pisləyərək, Azərbaycandan Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməyi, Xədicə İsmayıl və digər hüquq müdafiəçiləri ilə bağlı konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməsini istəyiblər.