10 Dekabr 2014 23:24
735
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Misirdəki səfirliyi Qahirə universitetinin “İqtisadiyyat və Siyasi elmlər” fakültəsində Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın bu günü və sabahı” adlı konfrans təşkil edib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Ş.Abdullayev H.Əliyevin həyatı, siyasi fəaliyyəti və böyük tarixi keçmişi ilə bağlı məlumat verərək, 1994-cü ildə H.Əliyevin Misirə səfəri ilə Azərbaycanla Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığını qeyd edib. Səfir 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Kabinetinin birinci müavini olduğu dövrdə ərəb olkələri ilə əməkdaşlıq məsələsinə böyük önəm verdiyini qeyd edib, həmçinin onun ərəb dövlətlərinin rəhbərləri ilə şəxsi dostluq əlaqələrini inkişaf etdirdiyini və Sovet quruluşunun yuxarı təbəqəsində yeganə müsəlman oldugu üçün ərəb-islam dünyasında ona dost münasibətin olduğunu da bildirib.

Misir-Azərbaycan Dostluq cəmiyyətinin sədri M.Orabi sözügedən cəmiyyətin fəaliyyətinə toxunub və Azərbaycanla bağlı təəssüratlarını iştirakçılarla paylaşıb. Misirin sabiq sənaye naziri İ.Fövzi Azərbaycanın müstəqillik əldə etdiyi illəri və yaşadığı çətin dövrləri xatırladaraq, H.Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixi və dini bağlılığı olan ərəb və müsəlman dünyası ilə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.

Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, jurnalist və tədqiqatçı Ə.Tarabek AR-ın Misirdəki səfirliyinin dəstəyi ilə çap olunmuş “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabından söz açaraq, Azərbaycanın əsas problemi sayılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları və torpaqlarının 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu iştirakçıların diqqətinə çatdırıb, H.Əliyevin siyasi fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan arasında müharibənin dayandırıldığını, danışıqlar prosesinin başladıldığını, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı BMT TŞ tərəfindən məlum dörd qətnamənin qəbul edilməsinə nail olunduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə H.Əliyevin həyatı, siyasi fəaliyyəti və böyük tarixi keçmişi ilə bağlı məlumatları, həmçinin Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən video çarxlar nümayiş etdirilib. Bundan başqa, “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin önündə konfransla bağlı banerlər öz əksini tapıb, Azərbaycan həqiqətlərini əks etdirən və səfirliyin dəstəyi ilə çap olunmuş kitablar iştirakçılara və tələbələrə paylanılıb.


Müəllif:

Oxşar xəbərlər