Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətinə təkrar baxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Oxu.az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərilib:
“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”.
Sənan Əhmədov isə qeyd edib ki, nə ev, nə maşın, nə də pul istəyib:
“Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”.