30 oktyabr 1918-ci ildə İngiltərə ilə Mudros müqaviləsini imzalamaqla Osmanlı çöküşünü rəsmiləşdirmiş oldu. Altı əsrlik dövlət bir sıra imperiyalar kimi tarixin dibsiz arxivinə gömüldü, yerində Mustafa Kamal paşanın qurduğu Türkiyə Cümhuriyyəti yarandı.
Osmanlı imperiyasının çöküşündə günahı olmayan bir şəxs varsa, o da Mustafa Kamal paşadır. Almaniya ilə birlikdə hərbə girən, nəticədə ölkənin sonunu gətirən, 1453-cü ildə fəth edilən İstanbulun işğalına səbəb olan paşaların günahını yumaq, geridə qalan əraziləri azad etmək üçün Qurtuluş Savaşını başladan da Mustafa Kamal idi.
Osmanlı Türk tarixinin ən əzəmətli dövləti idi. Avropanın və Asiyanın güclü imperiyası olan bu dövlət Azərbaycan tarixində də önəmli rol oynamışdı. Son iki Osmanlı sultanının, eləcə də Hərbiyyə nazirinin sayəsində bu gün müstəqil Azərbaycan mövcuddur. Qafqaz İslam Ordusunun Bakını azad etməsi hər tərəfdən məğlubiyyətə düçar olan imperiyanın sonuncu qələbəsi idi. Baxmayaraq ki, Osmanlının Azərbaycanda mövcudluğu qısa davam etdi, amma Bakının azadlığı Cümhuriyyətin faktiki qurulmasına səbəb oldu.
Bugünkü Türkiyə Cümhuriyyəti Osmanlının küllərindən doğub. Bu ölkəni quranlar Osmanlı hərbi məktəblərində təhsil almış, önəmli vəzifələrə təyin edilmiş paşalardır. Amma bu paşalar səltənət və xilafəti əlində cəmləşdirən sultanın paşaları olsalar da, nəticədə zamanın gətirdiyi şərtlərə tabe olaraq qosqoca imperiyanın gözlərinin önündə ləğv edilməsinə razı oldular.
Mustafa Kamal paşanın silahdaşları arasında səltənətin ləğv edilməsinə qarşı çıxanlar vardı. Fəqət onlar da qısa zamanda liderlərinin mövqeyinin doğru olduğunu hesablayıb bu qərara tabe oldular. Çünki Mudrosdan sonra Milli Mücadiləyə başlayan Atatürk 19 may 1919-cu ildə Samsuna çıxmış, nəticədə xalqı ayaqlandıraraq işğalçılara qarşı mübarizəyə başlamışdı. Amasiya, Sivas, Ərzurum qurultayları ilə legitimlik qazanan paşa 23 aprel 1920-ci ildə TBMM hökumətini qurmuş və millətin hakimiyyəti əsasında yeni sistem yaratmışdı.
Osmanlının Mudrosun ardınca Sevr müqaviləsini imzalayaraq Türk xalqının daha da kölə olmasına imza atmasına imkan verməyən Mustafa Kamal paşa Qurtuluş Savaşını 30 avqust 1922-ci ildə Dumlupınar zəfəri ilə yekunlaşdırdı. Oktyabrın 11-də İngiltərə ilə Ankara hökuməti arasında Mudanya müqaviləsi imzalandı.
Mudanya atəşkəsinə görə müharibənin nəticələri ilə bağlı Lozanda görüşmələr həyata keçiriləcəkdi.
Amma ortada maraqlı mənzərə yaranmışdı. Bir tərəfdən Milli Mücadiləni qazanan və Ankara hökumətini quran qrup vardı, digər tərəfdən son günlərini yaşayan Osmanlı hökuməti. Üstəlik məğlub olan, İngiltərənin oyuncağı halına çevrilən Tevfik paşa hökuməti qələbədən özünə pay çıxararaq Lozana getməyi düşünürdü. Tevfik paşa 17 oktyabrda Mustafa Kamal paşaya göndərdiyi teleqrafda zəfərin səltənətə həyat qazandırdığını bildirmiş, Ankara hökumətinin vəzifəsini bitirdiyinə işarə etmişdi.
Təbii ki, Tevfik paşa kabinetinin bu hərəkəti artıq uzun müddətdir beynində şəkilləndirdiyi dünyəvi, demokratik Türkiyə dövləti modelini həyata keçirmək istəyən Mustafa Kamalın əsəblərini gərmişdi. O, 18 oktyabrda Ankara hökumətinin İstanbuldakı təmsilçisi Həmid bəyə göndərdiyi teleqrafda Türkiyənin taleyinin yeganə sözçüsünün TBMM hökuməti olduğunu bildirmişdi. Həmid bəy məsələni Tevfik paşaya çatdırsa da, nəticə əldə edilməmişdi.
İstanbul və Ankara hökumətləri arasındakı bu qarşıdurmadan istifadə edən İngiltərə, İtaliya və Fransa təmsilçiləri 27 oktyabrda hər iki hökuməti Lozana çağırdı. Tevfik paşa Ankara hökumətinə Lozanda birgə təmsilçiliyi təklif etdi. Lakin Mustafa Kamal paşa bu ikitirəliyin fəlakətlə nəticələnəcəyini bildiyi üçün səltənətin ləğvinin ən doğru qərar olacağına qane oldu. Görünür, Tevfik paşanın Milli Mücadilənin nəticələrini mənimsəməsi Mustafa Kamalın radikal addım atmasına səbəb olub. Nəticədə məsələ TBMM-ə çıxarıldı. 30 oktyabrda baş tutan iclasda səltənətin əleyhində fikirlər səsləndi, Sultan Vəhdəddinin səltənətinin və hökumətinin ləğvi istənildi. Səsvermə nəticəsində 131 qəbul, 2 rədd, 3 bitərəf səs ortaya çıxdı. Buna görə də 1 noyabr 1922-ci ildə keçirilən növbəti iclasda müxtəlif dəyişikliklərlə səltənət ləğv edildi. Nəticədə TBMM hakimiyyət haqqına sahib tək qurum elan olundu.
Həmin gün səltənət ləğv edilsə də, xilafət məqamı saxlanıldı. Belə ki, xilafət Osmanlı xanədanına aid edildi və ən layiqli namizədin TBMM tərəfindən xəlifə seçiləcəyi qərarlaşdırıldı. Lakin 3 mart 1924-cü ildə xilafət də tarixin yaddaşına göndərildi.
Bu gün Osmanlı səltənətinin ləğvindən yüz il ötür. Bu hadisə Türkiyədə hələ də müzakirə mövzusu olduğu üçün aktuallığını qorumaqdadır.