“Müharibəyə əvvəlcədən hazırlıq gedirdi, qəfildən heç bir dövlət müharibəyə girməz. Hesab edirəm ki, silahlanmaq, ordunu nizama salmaq lazım gəlirdi və bu da illər apardı. Eləcə də xarici diplomatiyada addımlar atılmalı idi, bunlar da edildi. Sözsüz ki, bütün bunlar böyük enerji və iş tələb edirdi. Bu baxımdan Prezident İlham Əliyev öncədən torpaqları işğaldan azad etməyi nəzərdə tuturdu və bunun üçün hər şeyi hesablayırdı”.
Bunu Teleqraf.com-a professor Firudin Cəlilov deyib.
O xatırladıb ki, müharibədən bir neçə ay əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov təklif edirdi ki, 5 rayon Azərbaycana qaytarılsın, iki rayonun məsələsinə gələcəkdə baxılsın, Qarabağın dağlıq hissəsində isə ermənilər rahat yaşasın:
“Sülh də bağlansın. Ancaq bu plan da baş tutmadı. Yəni Moskva heç də vəziyyətin indiki forma olmasında maraqlı deyildi. Son nəticədə Azərbaycan Rusiyanın neytrallığını təmin etdi və əks-hücuma başladı. Bizim II Qarabağ savaşımız beləcə start götürdü".
Sabiq təhsil naziri qeyd edib ki, Prezidentin Ali Baş Komandan kimi qəti qərarı olmasa müharibənin başlanması mümkün deyildi:
“Sözsüz ki, Ali Baş Komandan hazırlıqlarını yekunlaşdırdı, qərarını verdi və müharibəyə başladı. Bununla paralel olaraq diplomatiya sahəsində də ancaq özü döyüşdü. Məsələn, müharibənin gedişatında Prezident 30-dan çox xarici məşhur media orqanlarına müsahibələr verdi, dövlət başçıları ilə danışıqlar apardı, xarici təsirləri minimallaşdırdı. Yəni həm hərbi meydanda, həm də diplomatiya savaşında şəxsən özü iştirak edirdi. Onun xarici mediaya açıqlamaları ən sanballı müsahibələr və mesajlar sayılmalıdır. Prezident hər iki cəbhədə savaşı uğurla nəticələndirdi.
Həm də müharibənin başlanması tarixi elə seçildi ki, əksər oyunçular vaxt tapıb heç reaksiya verə bilmədi.
Məsələn, BMT-də Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı qətnamə layihəsi çıxarılırdı. Orada bizə qarşı sanksiyalarda tətbiq oluna bilərdi. Amma bunun da qarşısı Prezidentin uğurlu xarici siyasəti nəticəsində alındı. Bir sözlə, Prezidentin qətiyyəti, uğurlu xarici siyasəti, ordunun müharibəyə hazırlanması, müasir silahlarla təminatı son nəticədə Azərbaycana qəti Qələbə gətirdi, Cənubi Qafqazda siyasi şərtləri dəyişdirdi”.