Noyabrın 8-də axşam saatlarında Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
Teleqraf.com-un məlumatına görə, Qələbə sevincini paylaşmaq üçün milli parka axışan bakılılarla yanaşı, paytaxtımızın qonaqları da konserti böyük maraqla izləyiblər.
Şanlı Qələbənin ikinci ildönümü şərəfinə Bakı, eləcə də Dənizkənarı Milli Park, həmçinin şəhərin digər parkları və mərkəzi küçələri, bina və eyvanlar Azərbaycan Bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları əks olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq qalib ölkənin və gündən-günə gözəlləşən paytaxtımızın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq on minlərlə insan tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
Zəfər Günü yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük qürur və sevinc hissləri ilə qeyd olunur.