8 May 2014 21:14
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün bizi - “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarını işə aparıb gətirən başıbəlalı, bərbad yoldan çox yazmışıq. Yol bizi bu qədər yormayıb ki, bu barədə yazmaq yorub... Ancaq nə fayda.

Binəqədi rayonu 7-ci mikrorayondakı Süleyman Sani Axundov küçəsinin bir hissəsinin keçilməz, bərbad, yağışdan sonra gölməçə, zığ-palçıqlı, quru havalarda isə toz-torpaqlı olmasını necə deyərlər, qəzetinizdə bir neçə dəfə işıqlandırdıqdan sonra, nəhayət, giley-güzarımıza reaksiya verildi, daş qırıntıları ilə əyri-üyrü yollar dolduruldu.

Ötən ilin dekabrında Bakı Metropolitenin əməkdaşı Arif Rəsulov bizimlə söhbətində dedi ki, küçənin belə vəziyyətdə olması bir neçə qurumun - “Azərsu”, “Unionpark” yaşayış massivi, Metropolitenin ərazidə apardığı tikinti işləri ilə əlaqədardır. Metropoliten rəsmisi yola 5-6 maşın daş töküləcəyini vəd etdi: “Bir az da səbr edin, yanvar ayından həmin yol asfaltlanacaq”.

Birinci vədə əməl olunanda 7-ci mikrorayon sakinləri də, əməkdaşlarımız da, bu küçədən keçən marşrut avtobuslarının sürücüləri də sevindi ki, nəhayət, zığ-palçıqlı, toz-torpaqlı yoldan qurtulacağıq. Səbrlə gözlədik. Yanvar ayı keçdi, yol asfaltlanmadı.

Yanvar ayının sonu Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov bizimlə söhbətində bildirdi ki, ərazidə salınan “Union-park” yaşayış massivi ilə əlaqədar həmin küçədə yeni kommunikasiya xətlərinin qurulmasına ehtiyac var. Odur ki, gözləməli olacağıq.

Aqil Eyvazov onu da qeyd etdi ki, yolun bərpasını Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Departamenti həyata keçirdiyinə görə müvafiq vaxtda Binəqədi İH bu qurum qarşısında məsələ qaldıracaq: “Bizdə olan məlumata görə, gələn ilin I rübündə ərazidə kommunikasiya işləri başa çatacaq və bu işlər yekunlaşdırqdan sonra həmin yer asfaltlanacaq”.

2014-cü ilin I rübü bitib, II rübü yarılamışıq, bir neçə qurumun bu küçədə apardığı tikinti işləri, yoldan keçən ağır tonnajlı maşınlar yolumuzu yenə bərbad hala salıb, amma işin sonu, asfaltınsa qırığı görünmür.

Binəqədi rayon İcra Hakimiyyəti ilə bir daha əlaqə saxladıq. Bizə cavab verildi ki, məsələ bu dəfə “Azərsu” ASC-dən asılıdır. Ərazidə kanalizasiya xətti çəkilmədən yolun asfaltlanması əlavə məsrəfdir. Yəni, bu dəfə əvvəl tikib, sonra sökmək məsələsi olmasın deyə, öncə kommunikasiya işləri tam başa çatdırılmalıdır.

“Azərsu” ASC-yə telefon açdıq. Dedilər ki, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı səhhəti ilə bağlı məzuniyyətdə olduğundan məsələyə gələn həftə aydınlıq gətiriləcək.

Gələn həftə nə baş verəcək? Bəs sonrakı həftə? Bizim paytaxtda asfalt yolla işə gedib-gəlmək haqqımız var, ya yox?..

Sevil HİLALQIZI


Müəllif: