11 Noyabr 2022 12:37
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meyxananın ədəbiyyata nə aidiyyəti var?!.”.

Teleqraf.com tanınmış şair və türkçü Rüstəm Behrudi ilə söhbətləşib.

Onunla müsahibəni təqdim edirik:

- Rüstəm müəllim, son günlər cəmiyyətin diqqəti meyxanaçı Rəşad Dağlının törətdiyi cinayətə fokuslaşıb. Bu məsələyə münasibətiniz necədir?

- Xəstə olduğum üçün bu hadisəyə ötəri baxdım. Bütün hallarda can almaq qatil olmaq deməkdir. Tək adam qanunların sahibi deyil ki, lap qarşıdakının günahı varsa, onu cəzalandırsın, belə bir fikrə düşsün. Rəşad Dağlı deyilən şəxs kimdirsə, bütün hallarda qanun qarşısında günahkardır.

Mən bəzən baxıram, bu meyxanaçılar narkotikanı, heroini təbliğ edirlər. Bu halda onlar necə qanun qoruyucusu ola, günahkarı cəzalandırmaq niyyətinə düşə bilərlər? Bu baxımdan Rəşad Dağlı qatildir və cəzasını almalıdır. Qanun himayəçisi deyil ki... Dövlət var, qanun-qayda, hüquq mühafizə orqanları var. Bəlkə mən səhv deyirəm?..

- Diqqət edəndə görürük ki, cəmiyyətimizin zövqü də sanki korlanıb, meyxanaya aşırı diqqət var. Meyxananın ədəbiyyatımzda yeri haradır?

- Meyxana əsasən məhəlli, jarqonla dolu, ədəbiyyata dəxli olmayan bənzətmə və təşbehlərlə dolu bir nümunədir. Mən buna janr da deyə bilmərəm. Cəmiyyətdə boşluq olanda belə “ədəbi nümunələr” - meyxana önə çıxır. Meyxana nə zamandan ədəbiyyat məhsuludur, ədəbiyyatdır? Mən bunu anlaya bilmirəm. Baxın, onların oxuduğu meyxanalarda o qədər mədəniyyətdən uzaq, insanları narkotikaya, tərbiyəsizliyə sürükləyən sözlər və ifadələr tapıb ortaya qoymaq olar. Düşünürəm ki, bu, bir qədər də Azərbaycandakı sosialoji boşluqdan əmələ gəlib və nəticədə bizdə meyxana bir qədər geniş vüsət ala bilib. Təklif edirəm ki, siz özünüz də meyxanaya qulaq asın. Onlar nəyi təbliğ edirlər - başıpozuqluğu, mədəniyyətsizliyi, narkomaniyanı. Nəyi təbliğ edə bilərlər ki?..

İkincisi, onlar cəmiyyətə nə veriblər və ya nə verə bilərlər? Özləri də nə istədiklərini bilmirlər - ancaq söz oyunu ilə cəmiyyətin başını qatmaq, cavanların diqqətini cəlb etmək. Başqa nə var, dərrakəli, ədəbiyyata aid nə tapmaq olar? Mən hesab edirəm ki, heç nə, ancaq boşluq...

- Demək istəyirsiniz ki, problem cəmiyyətin zövqünün korlanması və bundan sui-istifadədədir?

- Bəli, cəmiyyətin zövqünün korlanmasıdır. Bir daha qeyd edirəm ki, meyxana məhəlli bir nümunə sayıla bilər. Bu, əsasən Bakı ətrafı kəndlərdə təşəkkül tapıb və populyar olub. Ancaq bir də görürsən ki, Lənkəranda bir nəfər ortaya çıxdı və başladığı meyxana deməyə. A kişi, Naxçıvanın heç meyxanaya dəxli yoxdur. Amma kimsə orada da oxuyur, eləcə də başqa yerlərdə. Məsələn, bir dəfə baxdım ki, böyük ədəbiyyat yaradan, Azərbaycan ədəbiyyatına Sabir, Nəsimi, Xəqani kimi əxlaq nümunələri verən Şirvanda meyxana oxuyan var. Deməli, nə zaman cəmiyyətdə boşluq yaranır, belə nümunə özünü hər yerə nüfuz etdirə bilir. Ancaq bütün hallarda bu, ədəbiyyat nümunəsi deyil, məhəlli bir nümunədir. Qənaətimcə, heç nəyə də yaramır.

- Və siz bu nümunənin kütləviləşməsini qorxulu hesab edirsiniz?

- Məncə, cəmiyyətdə boşluq yarananda buna maraq və meyl artır. Bu da ondan doğur və məntiqlə keçəri bir şeydir. Cəmiyyət bir qədər güclənsə, bəhs etdiyim boşluq dolsa, belə şeylərə ehtiyac qalmayacaq.

Digər tərəfdən, bunları təbliğ edən bir qədər də televiziya kanallarıdır. Məncə, narkotikaya, "vorzakon"lara şeir qoşanları kanallara çıxarmaq elə kanalların da onun səviyyəsinə düşməsi anlamına gəlir. Onların “şeir” adlandırdıqları meyxanada istifadə etdiyi ifadələrə baxın. Orada siz türk xalqına, türk əxlaqına yaraşan nə tapa bilərsiniz?

- Siz daha çox türkdilli ölkələrdə olursunuz, bəzən araşdırmalar aparırsınız. Qardaş Türk xalqlarında bizdəki kimi meyxana var?

- Heç bir xalqda yoxdur. Mən indiyə qədər rastlaşmamışam. Əslində meyxana bir qədər fars əxlaqından gələn nümunədir ki, Azərbaycana nüfuz edib, bir qədər də kütləviləşə bilib. Mən bütün türk ellərini gəzmişəm, oralarda meyxanaya aid heç nə görməmişəm. Üstəlik, qənaətimcə, bu, türk əxlaqına tamamilə zidd şeydir.

- Amma nə qədər zidd olsa da, bir vətəndaşın törətdiyi cinayət meyxanaçı olduğuna görə, az qala Yazıçılar İttifaqının son qurultayından daha çox səs-küy yarada, gündəmə çevrilə bilir. Sanki meyxanaçıların yazıçılardan bir addım öndə olduğu mənzərəsi var...

- Əslində biz ədəbiyyatı bir az o səviyyəyə gətirib çıxardıq ki, meyxanaçıya olan münasibət ədəbiyyat adamlarına olan münasibətdən fərqli görünməyə başladı. Hətta ədəbiyyata dəxli olmayan, kitabı, sözü, ruhu olmayan adamlar başladılar böyük ədəbiyyat adamları haqqında söz deməyə. Bu şeylərin hamısı həm də oradan yarandı.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər