Teleqraf.com AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil nazir, professor Misir Mərdanovla müsahibəni təqdim edir:
- Misir müəllim, son dövrlər İran-Azərbaycan münasibətləri gərginləşib, daha doğrusu Tehranın anti-Azərbaycan davranışları vəziyyəti kəskinləşdirməkdə davam edir. Gedişatı necə qiymətləndirirsiniz?
- Münasibətim birmənalıdır. İran hakimiyyətinin addımları tam yanlış, səhv davranışlardır. Düşünürəm ki, ağlı başında olan dövlət adamları nəhayət öz səhvlərini başa düşərək bu səhvlərdən çəkinməlidirlər. Hökmən belə olmalıdır. Göz qabağında olan budur ki, bütün dünya onları lənətləyir. Əlbəttə, mən istəməzdim ki, Azərbaycan və İran arasında münasibətlər kəskin olsun, bunun bizə bir xeyri də yoxdur, ancaq Tehranın hərəkətləri bizi sövq edir ki, münasibətləri kəskinləşdirək. İranı nəzərdə tutaraq bir daha qeyd edirəm ki, yanlış yolun yarısından qayıtmaq da xeyirlidir. Mən düşünürəm ki, İran hakimiyyəti, bu dövlətin başında duran insanlar həm qonşu, həm də İslam dövləti olduqlarını anlayaraq belə münasibət və davranışlarını dayandırmalıdırlar. Əks istiqamətdə fəaliyyət onlara xeyir gətirməyəcək. Çünki İran əhalisinin təxminən yarısı türkdür, azərbaycanlıdır. Bunlar nə demək istəyirlər? Mənim fikrimcə, cənab prezidentin Səmərqənddəki çıxışı çox yerində oldu, hələ bəlkə də biz əvvəldən bunu deməliyidik. Kənarda yaşayan azərbaycanlıları biz qorumasaq, kim qoruyacaq? Necə olur ki, 40 milyon azərbaycanlının İranda bir məktəbi də yoxdur... Məsələn, 2005-ci ildə mən cənab Prezidentlə İranda rəsmi səfərdə idim. Mən avtomobildə gedirdim və hiss edirdim ki, həm sürücü, həm də mühafizəçi azəri türküdür. Onlara sual etdim ki, burada azərbaycan dilində məktəb açılsa övladlarınızı ora qoyarsınızmı? Dedilər ki, xeyir. İnsanları o qədər basqı altında yaşadıblar ki, öz ana dillərində təhsil almağa ehtiyat edirlər. Mənə cavab verdilər ki, əgər belə məktəb açılsa və uşaqlarını bu məktəblərə qoysalar sonra övladları işsiz qalacaqlar. Yəni 40 milyon əhalini belə vəziyyətdə saxlayırlar. Sözsüz ki, buna son qoyulmalıdır. Mənim bir azərbaycanlı kimi arzum budur ki, nə vaxtsa şimalla cənubun birləşməsi və böyük Azərbaycan dövlətinin qurulmasıdır.
- İranın son 30 ildə Ermənistana açıq və gizli dəstək verməsini nə ilə izah etmək olar? Uzun illər siyasətin mərkəzində olan biri kimi, yəqin ki, siz bu mövzuda daha dəqiq danışa bilərsiniz...
- Əvvəla, mən İranın Ermənistana açıq və ya gizli dəstək verməsini çox pis qiymətləndirirəm. Bu işin əsası nədir? Məncə, səbəb budur ki, İran istəmir Azərbaycan güclü olsun. Çünki onlar yaxşı bilirlər ki, əhalisinin yarısından çoxu azəri türküdür. Azərbaycan güclü olacaqsa, Cənubi Azərbaycan da fəallaşacaq. Məncə, İran şovinistləri məhz bu səbəbdəndir ki, Azərbaycana qarşı mənfi münasibət ifadə edirlər.
- Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımızı azad etdi. Üçtərəfli Bəyanatla bölgəyə göndərilən rus sülhməramlılarının neqativ fəaliyyəti hiss edilir. Buna münasibətiniz necədir?
- Mənə belə gəlir ki, Prezident İlham Əliyev siyasəti çox uğurla həyata keçirir. Bəzilərimiz bəlkə də tələsirik, düşünürük ki, Xankəndi ilə bağlı məsələ niyə tez həll edilmir və s. Mənim qənaətimcə və son iki ildə Prezidentin atdığı addımlar onu göstərir ki, biz güclüyük, güclü də olmalıyıq. Bu gün Rusiyaya münasibətimizi dəyişsək, əlbəttə çox pis şeylərlə qarşılaşa bilərik. Ona görə də Prezident olduqca ciddi və mənfi tendensiyaları öncədən neytrallaşdıran siyasət həyata keçirir. Və addım-addım hədəfə doğru yaxınlaşır. Baxın görün son iki ildə biz hədəfə doğru nə qədər irəliləyə bilmişik. Mən əminəm ki, Xankəndi ilə bağlı hər şey bizim istədiyimiz kimi olacaq, birmənalı olaraq. Heç bir “artsax"dan söhbət belə gedə bilməz. Biz ərazi bütövlüyümüzü tam formada bərpa edəcəyik.
- Yenidən müharibə ehtimalını nə dərəcədə ciddi sayırsınız?
- Yeri gəlsə, hər şey ola bilər. Ancaq aydındır ki, boş yerə müharibənin əhəmiyyəti yoxdur. Ancaq gücümüz var, hazırda cənab Prezidentin siyasəti nəticəsində bu gücümüzü artırırıq. İlbəil büdcəmizdən hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaiti artırırıq. Yəni biz düzgün yoldayıq. Eyni zamanda siyasət oyununda güclü həlqələrdən biriyik. Artıq Türk Dövlətləri Təşkilatı yaranıb. Türkiyə ilə Azərbaycan münasibətləri ən yüksək həddədir, türk hərbçilərinin sayının Azərbaycanda get-gedə artması da göstərir ki, siyasətimiz doğrudur. Ancaq bəziləri tələb edir ki, rus sülhməramlılar tez çıxsın. Mən onları da anlayıram. Ancaq o məsələləri önə çəkmək lazım deyil, buna zaman lazımdır. Ruslar Azərbaycanın getdikcə gücləndiyini gördükçə tədricən çəkilib gedəcək. Odur ki, bir qədər səbrli olmaq lazımdır.
- Misir müəllim, Ermənistanın hazırkı durumunu, real vəziyyəti necə qiymətləndirirsiniz?
- Atalar məsəli var: suda boğulan saman çöpündən yapışar. Açığı, ermənilər indi bu yolu tutublar. Gah Fransaya, gah Amerikaya, gah Rusiyaya, gah da İrana qaçırlar. Qənaətimcə, Ermənistanın qaçdığı səmtlərdən heç biri ona inanmır və inanmayacaq da. Odur ki, biz səbrli olmalıyıq. Hesab edirəm ki, bizim üçün əsas daxili birliyimizin möhkəm olmasıdır. Xaricdə bizə qarşı olan hər bir müxalif qüvvə bilməlidir ki, Azərbaycan xalqı Prezidentin arxasında birləşib. Məsələn, Fransa Senatı ilə bağlı bu yaxınlarda petisiya oldu. Məncə, biz bu prosesdə kütləvi iştirak etməli idik, amma təəssüf ki, etmədik. Niyə petisiyaya milyonlarla insan qoşulmasın. Biz 10 milyonuq, heç olmasa 1 milyonumuzun imzası olmalı idi. Cəmi 110 min adam iştirak etdi. Bu kimi məsələlərdə biz birlikdə olmalı, özümüzü vahid orqanizm kimi aparmalıyıq.