Bu gün Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveytin ictimai, siyasi xadimləri iştirak ediblər.
Əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev təməli ümummilli lider tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunan səfir mövcud əlaqələrin qurulması və inkişafında ümummilli liderimizin böyük rolunu vurğulayıb, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə səfərinin əhəmiyyətini qeyd edib.
Bununla yanaşı, səfirlikdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev haqqında sənədli filmə baxıblar.
Elə həmin gün Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "əl-Vasat" qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məqalə nəşr edilib. Məqalədə ölkəmizin sosial-iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin ərəb və İslam dünyasının dostu kimi, ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.