2023-cü ilin dövlət büdcəsi, həmçinin büdcə zərfinə daxil olan digər sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Milli Məclisə təqdim olunub
Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Nazir bildirib ki, 2023-cü ilin büdcə layihəsi orta müddətli dövrdə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılması, borc intizamının təmin olunması kimi qarşıya qoyulan hədəflərə adekvatdır:
"Gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışlar, həmçinin geosiyasi gərginliyin artması, qlobal iqtisadi tənəzzül kimi böhran meylləri də nəzərə alınıb. Prezident İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsini, ordu quruculuğunun daima müasirləşdirilməsini ən ümdə və prioritet vəzifələr sırasına daxil edib. Buna müvafiq olaraq, 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək ki, bu cari illə müqayisədə 496 milyon manat və yaxud 6,6 faiz çoxdur”.
Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2023-cü ilin Dövlət Büdcəsində 5 milyard 993 milyon vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 606 milyon manat və yaxud 11,3 faiz çoxdur. Növbəti ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri üçün 2 milyard 743 milyon manat və yaxud 2022-ci ilə nisbətən 261 milyon manat çox vəsaitin ayrılması nəzərdə tutulub.
Bundan başqa, sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Nazir çıxışında növbəti ilin dövlət büdcəsində beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün 470 milyon manat vəsaitin nəzərdə tutulduğunu deyib. Bu da cari illə müqayisədə 87 milyon manat və yaxud 22,8 faiz çoxdur. Qeyd olunub ki, 2023-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər üçün 207 milyon manat vəsait ayrılıb, eyni zamanda Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması üçün 130 milyon manat, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün 7 milyon manat, ticarət nümayəndəliklərinin saxlanılması üçün 6 milyon manat, xaricdəki Azərbaycan diasporunun möhkəmləndirilməsi və digər bu qəbildən olan işlər üçün 13 milyon manat vəsait ayrılacaq. Bundan başqa, məhkəmə qərarlarının icrası və məhkəmə proseslərində aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər üçün də 13 milyon manat vəsait ayrılıb.