Akademiyada elmi konfrans keçirildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik”mövzusunda elmi konfrans keçirilib.
AMEA Rəyasət HeyətiMərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə müstəqilliyimizi əbədiləşdirən, bütün sahələrə dərindən bələd olan, uzaqgörən siyasi xadim, ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən AMEA rəhbəri azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd edib.
Sonra “Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ulu öndərin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. Akademik İ.Həbibbəyli bildirib ki, dahi şəxsiyyətin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə artmasına zəmin yaradıb. O, təhsil, elm, mədəniyyət və ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Heydər Əliyevin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin ölkəmizdə mədəni həyatın canlanmasına gətirib çıxardığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli əsası H.Əliyev tərəfindən qoyulan, hazırda isə ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyev və Azərbaycan incəsənəti”, Hüquq və Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Azər Mustafayev “Heydər Əliyevin Azərbaycançılıq təlimi və müasirlik” mövzusunda məruzələrlə çıxış ediblər. Tədbirdə dahi liderin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs olunub. Xalqına həmişə nicat yolunu göstərən, ürəyində inam işığı yandıran və xoşbəxt gələcəyini təmin edən Heydər Əliyevin adının müstəqil Azərbaycan dövləti durduqca daim yaşayacağını, əziz xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyini xüsusi vurğulayıblar.
Tədbir çərçivəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən, həmçinin Azərbaycanın müstəqillik dövründəki inkişafına həsr olunmuş slaydlar nümayiş etdirilib.