“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli məlumat verib.
O deyib ki, gələn il həm yaşayış minimumu, həm də ehtiyac meyarı nəzərə çarpacaq dərəcədə artacaq:
"İlk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabər olacaq və hər ikisi 246 manat təşkil edəcək. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir".
Deputat Razi Nurullayev bildirib ki, qiymət artımı var və buna diqqət etmək lazımdır.
Deputat Fəzail Ağamalı isə vurğulayıb ki, ərzaq, dərman məhsullarının qiyməti durmadan artır: “Hökumət mümkün fəaliyyətini davam etdirir. Məncə, müvəqqəti olaraq qida və dərman məhsullarına ƏDV dondurulmalıdır. Mən ümidvaram ki, dünya və Azərbaycan belə ağır durumdan çıxacaq. Biz addımlar atmalıyıq ki, əhalinin yaşamına müsbət təsir etsin.
İkincisi, uşaqpulu məsələsi cəmiyyətə aktivdir. Sosial yardımın uşaqpulu formasında cəmiyyətə transfer olmalıdır. Ünvanlı sosial yardım vəsaiti uşaqpulu kimi kompensasiya edilsin və məsələyə birdəfəlik son qoyulsun”.