“Min illər boyu tariximizə işıq tutacaq qərarlar qəbul edilir. Cənab Prezidentin təşəbbüsü ilə xarici siyasətimiz Afrikada, Şərqdə və Asiyada fəaliyyətini genişləndirir. İsrail dövlətində səfirliyimizin açılması tarixi hadisədir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən Musa Qasımlı deyib.
Professor bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin təməlində dostluq və qardaşlıq dayanır:
“Azərbaycan müstəqil olmadığı zamanlarda, II Dünya müharibəsindən əvvəlki dövrdə semitizm olmayıb: “II Dünya müharibəsində ermənilər faşistlərlə birləşib yəhudiləri qətl edən zaman Azərbaycan əsirləri yəhudilərə Kəlmeyi-Şahədəti öyrədərək ölümdən xilas ediblər. Yəhudilər hər zaman azərbaycanlılarla yanaşı bir ailədə yaşayıb - hansı dövlətdən, hansı sistemdən və hansı dövrdən asılı olmayaraq”.
Deputat qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda və Ermənistanda yəhudilərə münasibət tam fərqli olub: “Ermənistan anti-semitizm olan 30 ölkədən biridir. Bu, Amerika Yəhudi Komitəsinin statistikasından götürülüb. Azərbaycanda isə anti-semitizm yoxdur”.
“Ramallahda təmsilçiliyimizin açılması bizim ərəb dünyasına açılan qapımızdır. Bizim İsraillə münasibətimiz heç zaman başqa dövlətə görə yönəldilməyib. Hesab edirəm ki, bu səfirliklərin açılması Balkanlarda. Şərqdə, Asiyada dövlətimizi gücləndirəcək”.