18 Noyabr 2022 17:57
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına KİV nümayəndələri üçün mediatur təşkil olunub.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, akademiyanın rəisi general-mayor Baba Salayev qonaqları salamlayaraq media nümayəndələrinə kollektiv adından minnətdarlığını bildirib, onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu vurğulayıb.

Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən B.Salayev bildirib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində qısa müddətdə Akademiyanın müasir standartlara cavab verən maddi-texniki bazası yaradılıb. Akademiya rəisi, həmçinin, tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını, ali təhsil ocağının xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsi olduğunu açıqlayıb.

Tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət göstərildiyini bildirən B.Salayev, eyni zamanda Akademiyada beynəlxalq əlaqələrin genişləndirilməsindən, zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsindən, birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Texniki Universitetləri, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Dövlət Yanğından Mühafizə Akademiyaları, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidmətinin Universiteti, Gürcüstan Texniki Universiteti, Ukrayna Milli Mülki Müdafiə Universiteti, Qazaxıstan Respublikasının Kokşetau Texniki İnstitutu və digər ali təhsil müəssisələri ilə əlaqələr möhkəmləndirilməsindən danışıb.

Akademiyanın tədris işləri üzrə müavini daxili xidmət polkovniki Kazım Kazımov media nümayəndələrini fənn və peşə hazırlığı kabinetləri, mühazirə auditoriyaları, avtomobil hazırlığı, qazdan-tüstüdən mühafizə treanjor və təlim-məşq kompleksləri ilə, həmçinin elmi tətqiqat və tədris laboratoriya kompleksi, fənn və ekspertiza laboratoriyaları ilə tanış edib. Jurnalistlər, eyni zamanda kursantlar üçün yaradılan şəraitlə tanış olub, kazarma və yeməkxanaya baş çəkiblər.

Rəis müavini Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunduğunu, fənn kabinetləri, auditoriya və laboratoriyaların hər cür zəruri avadanlıqlarla təchiz edildiyini qeyd edib:

“Akademiyada xilasetmə, tibbi hazırlıq, dalğıc və alpinist hazırlığı, yanğın siqnalizasiya və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyaları mövcuddur. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır. Bundan başqa, kursantların asudə vaxtlarının səmərəli təşkili, o cümlədən müxtəlif bilik yarışları və viktorinaların, dərnəklərin təşkili, onların daim idmanla məşğul olmaları və sağlamlıq səviyyələrinin qorunması da xüsusi diqqətdə saxlanılır”.

Media nümayəndələri FHN Akademiyasında Ulu Öndərin irsinin geniş əks olunduğu Heydər Əliyev Mərkəzini ziyarət edib, orada yaradılan şərait, geniş ekspozisiya və fotoguşələrlə tanış olublar. Akademiyanın baş leytenantı İradə Kərimova Heydər Əliyev Mərkəzi haqda məlumat verərək qeyd edib ki, Akademiyada yaradılmış Heydər Əliyev Mərkəzinin imkanlarından geniş şəkildə istifadə edilməklə, həm ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Vətən qarşısında misilsiz xidmətləri şəxsi heyətə və kursantlara təlqin olunur, həm də onların Heydər Əliyev ideologiyası əsasında milli vətənpərvərlik ruhunda tərbiyə olunması işi təşkil olunur.

Jurnalistlər Akademiyanın 14 illik fəaliyyətini, şəxsi heyət və kursantların əldə etdiyi nailiyyətləri əks etdirən muzeydə də olublar.

Media mənsubları Akademiyanın Elektron kitabxanası ilə də tanış olublar. Qeyd olunub ki, müasir standartlara cavab verən kitabxana oxu zalından, ədəbiyyatlar qorunan fond otağından, xidməti otaqdan və abunə məntəqəsindən ibarətdir. Kitabxanada 77 oxucu yeri olan oxu zalı xidmət göstərir və həmin zalda quraşdırılmış bütün kompüterlərin internetə birbaşa çıxış imkanları vardır. Kitabxananın elektron bazası monoqrafiyalardan, dərsliklərdən, dərs vəsaitlərindən, bədii ədəbiyyatlardan, dövri nəşrlərdən və digərlərindən ibarətdir. Hazırda kitabxananın ədəbiyyat fondunda 1793 adda 14204 nüsxə kitab qorunur. Ümumi ədəbiyyat fondunun 1230 adda 8795 nüsxəsi Azərbaycan dilində olan kitablardır. Kitabxanada ədəbiyyatları elektron formata çevirən skan aparatı da mövcuddur. Onun vasitəsilə kitabxana fondunda qorunan bütün dərsliklər və dərs vəsaitlərinin, habelə ictimai-siyasi, tarixi və bədii ədəbiyyatların elektron nüsxələri hazırlanmışdır və proses hazırda da davam etdirilir. İl ərzində isə 10 mindən yuxarı oxucu davamiyyəti qeydə alınan kitabxanada elektron informasiya qurğusu mövcuddur ki, onun vasitəsilə oxucu kitabxananın elektron kataloquna daxil olaraq kitabxana fondunda olan kitablar haqqında məlumat ala, bazada olan kitabın hazırda kitabxanada olub olmamasını, neçə nüsxə qalmasını yoxlaya bilər. Qurğu qeydiyyat funksiyasiyasını da yerinə yetirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər