Rusiyanın paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin ölümünün 11-ci il dönümü anılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Azərbaycanlıları Diaspora Konqresi tərəfindən təşkil edilən mərasimdə Heydər Əliyevin həyatını əks etdirən qısametrajlı film göstərilib.
Mərasimdə çıxış edən konqresin Moskva ətrafı bölgələr üzrə nümayəndəsi Əlizaman Rəhimov Heydər Əliyevin eyni zamanda dünya liderlərindən biri olduğunu və onun sayəsində Azərbaycanın sabit inkişafının davam etdiyini bildirib: “Onun sayəsində Rusiya-Azərbaycan əlaqələri daha da inkişaf etdi. Bu gün onun işlərini oğlu, Azərbaycan Prezidenti İlham Əliyev davam etdirməkdədir”.
Domodedovo bələdiyyə başçısı Dmitri Qorodetski Azərbaycan xalqının Heydər Əliyevlə hər zaman qürur duymalı olduğunu deyib: “Sovetlər dövründə Heydər Əliyevin başçılıq etdiyi yığıncaqlara qatıldığıma görə çox xoşbəxtəm. Bu gün də azərbaycanlılar Rusiyanın ictimai və iqtisadi həyatında əhəmiyyətli rol oynayır”.
Azərbaycanın Moskvadakı səfirinin müavini Qüdsi Osmanov da ulu öndərin Rusiyada yaşayan azərbaycanlılara hər zaman dəstək verdiyini ifadə edib: “SSRİ dövründə çox sayda soydaşımız Rusiyaya ali təhsil almaq üçün göndərilib. Heydər Əliyev Azərbaycanın dünyada müsbət imicinin memarıdır. O, Azərbaycanı dünyaya tanıtdı”.
Samir