Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.
Teleqraf.com Bizim.Media-ya istinadən xəbər verir ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.
Bu siyahıda tanınmış şəxslər, sənət adamları, “ziyalılar” və media rəhbərləri də olub.
Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.
İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.
Sayt öz mənbələrinə istinadən yazır ki, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı yayılan səsyazısında sualları verən şəxs Fərhad Əhmədov olub. Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığı bilinmir.