Ötən ay Ankarada Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət edərkən bir məzar diqqətimi çəkdi: Nurəddin Xəzər.
Bu ad mənə daha çox “Mücahid” dərgisindən tanış idi, eləcə də əziz dostumuz Nilgün Saryal xanım ondan həmişə sevgi və hörmətlə bəhs edərdi. Çünki həm də qohumları idi.
Nurəddin bəyin ailə üzvləri, qohumları ilə söhbət etmək, xatirələri qeyd etmək, şəxsi arxivi ilə tanış olmaq imkanımız hələlik olmadığı üçün ümumi mənbələr əsasında hekayətini yazmağa çalışacağıq.
Nurəddin Xəzər 1917-ci ildə Gəncədə Kərbəlayi Məhərrəmlə Ülkərbəyim Seyidzadənin ailəsində doğulub. 1930-cu ildə Gəncədə ibtidai sinfi bitirib. Mühacirətə getdikdən sonra orta təhsilə Ankarada davam edib, 1934-cü ildə Ankara I oğlan məktəbini, 1937-ci ildə oğlan liseyini tamamlayıb. 1942-ci ildə Siyasi Elmlər Məktəbinin maliyyə bölməsini bitirib. 1942-1947-ci illərdə Maliyyə Nazirliyində çalışıb. 1956-1957-ci ildə Ziraət Bankasının müfəttişi olub. 1956-1959-cu illərdə Ziraət Bankası Zirai Kreditlər şöbəsində müdir müavini kimi çalışıb. 1959-1960-cı illərdə Ziraət Bankası Bank Xidmətlərinin müdir müavini, 1960-cı ildə Ziraət Bankası Kooperativlər müdiri olub.
Rəsmi işləri ilə bağlı Qərbi Almaniya (1956-1960), İsrail, ABŞ, Niderland, Kipr, Danimarka, Avstriya kimi ölkələrdə tədqiqatlar aparıb. 1964-1971-ci illərdə Ankaradakı özəl Ali Ticarət Məktəbində dərs deyib.
Kənd Təsərrüfatı Kredit Kooperativləri Məmurları Pensiya Fondu, Kənd Təsərrüfatı Kredit Kooperativlərinə Yardım Assosiasiyası, Kənd Təsərrüfatı Kredit Kooperativlərinə Sosial Yardım Fondu kimi vəqflər qurub, idarə heyətinin sədri olub.
Nurəddin bəy 1964-cü ilin aprelində “Ziraət Bankı Kooperativçilik” dərgisinin əsasını qoyub, 1966-cı ilin dekabrınadək idarə edib. 16 yanvar 1981-ci ildən 10 mart 1985-ci illər aralığında Türk Kooperativlər Birliyi İdarə Heyətinin sədri olub. Bu müddətdə təşkilatın “Karınca”, “Kooperativçilik” və “Cooperation in Turkey” kimi jurnallarını idarə edib. 16 dekabr 1983-cü ildə Türk Kooperativ Təhsil Vəqfinin qurucularından olub, idarə heyətində yer alıb. 6 dekabr 1984-cü ildən 30 noyabr 1990-cı il tarixləri arasında Kənd Təsərrüfatı Kredit Kooperativləri Mərkəzi İttifaqının İdarə Heyətinin üzvü olub.
Nurəddin bəyin ixtisası ilə bağlı yazıları “Banka”, “Not”, “Kooperativ dünyası” və s. kimi nəşrlərdə dərc edilib. Azərbaycan Kültür Dərnəyinin “Azərbaycan” dərgisində və “Mücahid” jurnalında ictimai, tarixi mövzularda yazıları işıq üzü görüb. Kooperativ mövzusunda müxtəlif kitabları çap edilib: “Atatürk və Türk Kooperativçiliyi” (Ankara, 1981), “Ziraət bankı. 1863-1983” (Ankara, 1986), “Kooperativçilik tarixi” (Ankara, 1990).
Nurəddin bəy alman dilini bilib, bir övladı olub. Türk Ocağının üzvü, Türk Kültür Dərnəyinin qurucularından idi.
Nurəddin Xəzər 20 avqust 2011-ci ildə Ankarada vəfat edib. 23 avqustda Kocatepe məscidində cənazə namazı qılındıqdan sonra Cəbəci Əsri məzarlığında dəfn edilib.
Nurəddin Xəzərin yazıları
Nurəddin bəy daha çox Azərbaycan mühacirlərindən Çingiz Göygölün nəşr etdiyi “Mücahid” jurnalında yazılar qələmə alıb. Onun maraqlı yazılarından biri “Mücahid” dərgisinin 1963-cü ildə çıxan 53-54-cü qoşasayında qələmə aldığı “Ceyhun bəyin vəsiyyəti” yazısıdır. Məqalədə Nurəddin bəy Ceyhun bəyin Türkiyəyə gəlmək istədiyini bildirib: “Ceyhun bəyi görmədiyimiz halda oxuduğumuz əsərlərindən, yazılarından, görənlərin danışdıqlarından əsilzadə, nəzakətli, kübar, tərbiyəli və vəfalı bir insan olduğunu bilirdik… Ceyhun bəy Hacıbəyli ilə Türkiyədə görüşməyə hazırlaşırdıq. Buraya ikinci gəlişi olacaqdı. İlk gəlişi 1919-cu ilin yanvar ayında idi. O zaman Versal Sülh Konfransına göndərilən Azərbaycan Nümayəndə Heyətinin üzvü olaraq işğal altındakı İstanbula gəlmiş, burada 4 ay gözlədikdən sonra heyətin sədri Əlimərdan bəy Topçubaşı və digər üzvlərlə birlikdə Neapol-Roma üzərindən Parisə getmişdi. Məgər qismət deyilmiş. Təəssüf ki, xəstəlik və əcəl onun çox görmək istədiyi yeni Türkiyənin paytaxtı Ankaranı və azad İstanbulu ziyarət etməyə imkan vermədi”.
Nurəddin bəy Azərbaycan musiqisinə xüsusilə diqqət göstərib. Rəşid Behbudovun Türkiyə konserti, Müslüm Maqomayevlə bağlı “Mücahid”də yazılar qələmə alıb. Eyni zamanda SSRİ-də xalqlara verilən “hüquqlar” barədə də üç hissəli geniş yazı yazıb, Sovet konstitusiyasının mahiyyətini izah edib.
Nurəddin bəyin “İsmayıl bəy Qutqaşınlı” məqaləsi (“Mücahid”, sayı 41-42, 1961) mühacirət mətbuatında fransızdilli yazıçımız haqqında çıxan ilk yazı olmalıdır. Bu məqalədə mühacir azərbaycanlılara İsmayıl bəyin həyat hekayəsi və onun məşhur “Rəşid bəy və Səadət xanım” əsəri haqqında bilgi verilib.
Gənc yaşlarından taleyinə mühacirlik yazıldığı üçün Nurəddin bəy Türkiyə dövlətinin işğal altındakı ölkələrdən gələn türklər üçün necə həyati əhəmiyyətli olduğunu bilirdi. Bu baxımdan o, “27 may inqilabı və dış türklər” adlı məqaləsində Türkiyədən bu şəkildə bəhs edib: “Türkiyə dış türklər üçün bir çox sahələrdə nümunə və öndər olmuşdur. İsmayıl bəy Qaspıralı “dildə birlik” deyərkən bütün türklərin İstanbul şivəsi altında birləşməsini istəyirdi. Azərbaycan, Qərbi və Şərqi Türküstan, Kipr və Balkan türkləri övladlarını oxutmaq üçün Anadoludan müəllim istəmişdilər. Azərbaycan, Şimali Qafqaz və Türküstan 1917-ci ildə bolşevik inqilabından sonra müstəqillik müharibələrini ya Türkiyədən gələn ordularla birlikdə, ya da anadolulu komandanların öndərliyində aparmışdılar. Azərbaycan və Şimali Qafqazda bu savaşlar zəfərlə nəticələnmiş, Türküstanda isə şəhid Ənvər paşanın mənəvi şəxsiyyətində bir müstəqillik və milliyyətçilik simvolu yaranmışdır... Ordu türk millətinin pozulmayan və pozulmayacaq təmiz mayasıdır və milliyətçiliyin təminatıdır”.
Nurəddin bəyin “Mücahid” dərgisində çıxan son yazısı “Sovetlər çarlığın Azərbaycanı istila gününü qeyd edirlər!” adlanır. Yazıda bolşevik rusların vaxtilə devirdikləri çar Rusiyasının mirasına sahib çıxmaları, eləcə də xanlıqların işğalının könüllü birləşmə kimi qəbul etdirilməsi sərt tənqid edilib.
1989-cu ildə başlayan Meydan hərəkatı, İrəvandan azərbaycanlıların çıxarılması Türkiyədə yaşayan mühacirlərin hadisələri diqqətlə izləmələrinə səbəb olub. Ankarada Azərbaycan Kültür Dərnəyinin ətrafında birləşən mühacirlər düşüncələrini “Azərbaycan” dərgisində qələmə alıblar. Nurəddin bəy 1989-cu ildə “Azərbaycan” jurnalında “Azərbaycan nə istəyir?” adlı geniş məqalə yazıb. Azərbaycan xalqının irəli sürdüyü tələblərin 30-nu məqaləsində xülasə edən Xəzər türk dili məsələsində xüsusilə dayanıb. O, Sovet Azərbaycanında türk (Azərbaycan) dilinin mövqeyinin güclənməsi məsələsinin doğruluğunu qeyd edib, Bəxtiyar Vahabzadədən sitatlar gətirib.
Nurəddin bəy “Azərbaycan” jurnalında əqrəba olduğu İsmayıl Saryalın “Bakı rüzgarı” əsəri haqqında da tanıtım məqaləsi yazıb...