“Siyasi partiyalar haqqında” qanun layihəsində ümumilikdə 66 dəyişiklik etmişik. Onsuz da partiyalar köhnə qanunla fəaliyyət göstərirdi. Lakin biz istədik ki, yeni qanun mövcud normativ-hüquqi aktlara uyğun olsun.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, layihədə əsas müzakirə və narazılıq yaradan məqam partiya sədri, müavinləri üçün ən azı 20 il Azərbaycan Respublikasında yaşamaqla bağlı senzin mövcud olması idi:
“Bildirirdilər ki, prezidentliyə namizəd üçün 10 il tələb olduğu halda partiyalarla bağlı 20 il tələbinin olması düzgün deyil. Düzdür, bunun Konstitsiyaya zidd olması ilə bağlı fikirlərin əsası yox idi. Ancaq biz istədik ki, siyasi partiyalar Avropa ölkələrində olduğu kimi bundan sonra rahatlıqla yaransınlar və inkişaf etsinlər. Ona görə də biz bu müddəanı aradan qaldırdıq”.
Əli Hüseynli qeyd edib ki, bu gün keçirilən iclasda bir siyasi partiya istisna olmaqla digərləri qanunun parlamentin plenar iclasına tövsiyə olunmasına səs verib.