25 Noyabr 2022 12:12
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Dövlət orqanlarının fəaliyyətində informasiya açıqlığına dair hesabatın hazırlanması” layihəsi çərçivəsində tədbir keçirib. Layihənin məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın, informasiya açıqlığının qiymətləndirilməsi və artırılmasına təsir göstərməklə ölkəmizdə korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirdi ki, elektron hökumətin fəaliyyəti nəticəsində hər gün böyük həcmdə, müxtəlif xarakterli məlumatlar toplanır. İnformasiya sistemlərinə daxil edilən həmin məlumatlar siyasi, hərbi, təhlükəsizlik, iqtisadiyyat, maliyyə, istehsal, xidməti, energetika, daşınmaz əmlak, təhsil, səhiyyə, nəqliyyat, rabitə, sosial təminat, mədəni sfera, media kimi geniş fəaliyyət sahələrini əhatə edir. Müxtəlif mənşəli və tipli məlumat və informasiyalar cəmiyyətdə əsas idarəetmə, iqtisadi və sosial tələbat növlərindən birinə çevrilib. “Biz də dövlət qurumlarının bu cür informasiyaları açıqlama səviyyəsi və onun cəmiyyətə təsirləri barəsində geniş və hərtərəfli araşdırma apardıq, və bunun faydalı nəticələrinin olacağına əminik” – Ə.Allahverdiyev çıxışı zamanı dedi.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə çıxışında bildirdi ki, 2000-ci illərin əvvəllərindən başlayaraq dünyada açıq hökumətin təşviqi ilə bağlı təşəbbüslər irəli sürülməyə başlayıb. Bu təşəbbüslərin əsasında dövlət məlumatlarının müxtəlif maraqlı tərəflər üçün əlçatan olması, dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi dayanır. Yəni, müvafiq təşəbbüslərin mahiyyəti ondan ibarətdir ki, açıq hökumət məlumatları öz-özlüyündə dəyərli deyil, onlar yalnız maraqlı tərəflər üçün əlçatan olduqda və effektli şəkildə istifadə edildikdə idarəetmə, iqtisadiyyat və sosial sahələrdə dəyər yarada bilər.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov rəsmi məlumatlardan səmərəli istifadənin əhəmiyyətli dərəcədə iqtisadi faydalar qazandırdığını vurğulayaraq bildirdi ki, müasir dövrdə dövlət orqanlarının vətəndaşlara daha yaxşı və effektli xidmət göstərməsi, onların fəaliyyətinin şəffaflığı ölkəmizin qarşısında duran prioritet vəzifəni təşkil edir. Dövlət qurumlarının şəffaf fəaliyyəti və hesabatlılığı cəmiyyətin onlara inam və etibarının artmasına və nəticədə ölkəmizin ümumi inkişafına xidmət göstərir.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov isə çıxışında informasiyanın əhəmiyyəti, onun yaratdığı hüquqi məsuliyyət məsələlərindən danışdı. O, qeyd etdi ki, dövlət qurumlarının fəaliyyəti haqqında məlumatların geniş ictimaiyyət üçün açıq olması, onlardan faydalı məqsədlər üçün istifadə edilməsi ilə bağlı təşəbbüslər nə qədər dəyərli olsa da, bu məlumatların dəyərə çevrilməsi ilə bağlı bir sıra obyektiv və subyektiv problemlər, maneələr mövcuddur. İndi aparılan işlər sayəsində həmin sahədə problemlərin, maneələrin aradan qaldırılması üçün ciddi işlər görüldüyünü söyləmək mümkündür. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi korrupsiyanın və kölgə iqtisadiyyatının qarşısının alınması baxımından çox əhəmiyyətli olduğunu deyən S.Məcidli ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar idarəetmənin mühüm vəzifəsi olan nəzarətin, o cümlədən maliyyə nəzarətinin və ictimai nəzarətin beynəlxalq praktikaya uyğun şəkildə qurulduğunu iştirakçıların diqqətinə çatdırdı.

Ekspert, fəlsəfə doktoru Mütəllim Rəhimov isə çıxışı zamanı iştirakçıların diqqətini dövlət qurumlarının saytlarının monitorinqi zamanı əldə edilmiş nəticələrə yönəltdi. O dedi ki, 50-yə yaxın dövlət qurumunun saytları 35 parametr üzrə təhlil edilib. Aydın olub ki, bəzi hallarda dövlət qurumları öz fəaliyyətləri ilə bağlı informasiyaların yayılmasına maraq göstərmir, vətəndaşa lazımi informasiyaları vermir. Bu da vətəndaşlarla dövlət qurumları arasında anlaşılmazlığın sərhədlərini artırır, nəticədə ortaya əlavə gərginlik və etirazlar çıxır. Bütün bunlar da vətəndaşın dövlət qurumuna etimadını və inamını azaldır. Halbuki hər bir dövlət qurumunun rəsmi saytı var və bu da ona imkan verir ki, fəaliyyəti, həmçinin gələcəkdə planlaşdırdığı işlərlə bağlı vətəndaşlara ətraflı məlumat və bilgi versin. Əslində bütün bunları elektron hökumət prinsipləri tələb edir. Saytların monitorinq edilməsi ilə dövlət qurumlarının fəaliyyətini qiymətləndirmək mümkündür.

Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər