Rəsmi qurumlarla qeyri-hökumət təşkilatları bir araya gəlib
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi çoxmənzilli binaların qeydiyyatı sahəsində nailiyyət və qarşıya çıxan problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib.
Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində dialoqun dəstəklənməsi məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunub.
Dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, “Bakı Elektrik Şəbəkə” ASC, “Azərsu” ASC və digər dövlət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
“Şəffaflıq Azərbaycan” təşkilatının eksperti Hafiz Həsənov çoxmənzilli binaların qeydiyyatında mövcud problemlərin və qanunvericilikdə boşluqların aradan qaldırılması ilə bağlı ümumi tövsiyələrlə çıxış edib.
Dövlət orqanlarının nümayəndələri çoxmərtəbəli binalara dövlət nəzarətinin mövcud vəziyyətindən və onların qeydiyyatı sahəsində həyata keçirilmiş uğurlu islahatlardan danışıblar.
İştirakçılar belə qənaətə gəliblər ki, son dövrlərdə bu sahədə qanunvericiliyə edilən dəyişikliklər (“Tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydaları”, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydalar”ının təsdiq edilməsi və s.) bir çox məsələlərin həll edilməsinə köməklik göstərsə də, çoxmənzilli binaların qeydiyyatı ilə bağlı vətəndaşların üzləşdikləri bəzi problemlər hələ də qalır.
Nəticə etibarı ilə tikintisi başa çatmamış və istismara qəbul edilməmiş binaların problemlərinin həlli üçün “bir pəncərə” prinsipi əsas götürülməklə aidiyyəti orqanların nümayəndələrinin iştirak etdiyi komissiya yaradılsa ümumi işin xeyrinə olar.
“Şəffaflıq Azərbaycan” İB-nin hüquqşünası Aytən Əlizamanlının verdiyi məlumata görə, İB-nin tövsiyələr paketində təklif olunub ki, bu komissiyanın vətəndaş cəmiyyətinə, əhaliyə açıq şəkildə xidmət göstərməsi üçün bu sahə üzrə bütün məlumatların vahid bazası yaradılsın: “Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirdi ki, belə bir komissiyanın təşkili hər bir tikinti şirkətinin problemlərinin ayrı-ayrılıqda araşdırılmasından sonra mümkün ola bilər”.
Tədbirdə digər əsas məsələ istismara qəbul olunmayan tikintilərə amnistiya verilməsi təklifi olub ki, bu təklif də qəbul olunmayıb. Təklifdən imtina belə əsaslandırılıb ki, məsələ əhalinin təhlükəsizliyi baxımından mümkün deyil. Çünki təhlükəsizlik məsələləri dəqiq araşdırılmalı və ciddi öyrənilməlidir.
Aytən Əlizamanlının sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqşünası şəxsi mülkiyyətin reyestr xidmətində qabaqcadan qeydiyyata alınması ilə bağlı fikir bildirib: “O dedi ki, praktikada belə bir hal yoxdur. Birincisi, icra hakimiyyətləri icazə sənədlərini göndərmir, ikincisi, bu sahədə ümumi bir reyestr yaradılmayıb. İcra hakimiyyəti nümayəndələrini tədbirə dəvət etsək də, iştirak etmədikləri üçün bu məsələyə mövqe bildirlmədi.
Düzdür, hazırda ümumi reyestrin yaradılması istiqamətində işlər gedir, bu işlər başa çatdıqdan sonra həmin hüququn həyata keçirilməsi mümkün olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi qeyd etdi ki, son zamanlar qəbul edilən qaydalara əlavə olaraq qanunvericilikdə reyestrlə bağlı da qaydalar işlənib və Milli Məclisə təhvil verilmək mərhələsindədir”.
Tədbirdə iştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, çoxmənzilli binaların qeydiyyatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumlarına təqdim edilsin. FHN-nin nümayəndəsi bildirib ki, hazırda bu sahədə olan problemlərin araşdırılması istiqamətində komissiya fəaliyyət göstərir və vətəndaş cəmiyyətləri də həmin komissiya ilə birgə işləsin.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli qeyd edib ki, alqı-satqı zamanı vətəndaşların mülkiyyət hüquqlarının sığorta olunması problemin həllinə kömək edə bilər.
Aytən Əlizamanlının sözlərinə görə, dəyirmi masanın yekunu ilə əlaqədar hazırlanan tövsiyələr paketində digər vacib məsələlər də yer alıb: “Problemin həllində tikintiyə icazə sənədinin olması, alqı-satqı müqaviləsinin bağlanması, notariusda təsdiqlənməsinin məcburiləşdirilməsi, müqavilələrin bank hesablaşamaları vasitəsilə həyata keçirilməsidir. Təkliflər bir həftə ərzində aidiyyəti dövlət qurumlarına təqdim olunacaq. Növbəti ilin yanvar ayında mövzu ilə bağlı daha bir dəyirmi masanın keçirilməsi gözlənilir”.
Sevil HİLALQIZI