Vətən müharibəsindən sonra beynəlxalq miqyasda ölkəmizə artan maraq özünü ölkə Prezidentinin xarici səfərlərində, eləcə də xarici ölkə rəhbərlərinin Azərbaycana artan səfərlərində göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qatılan iştirakçıların sayı və coğrafiyası da ölkəmizə artan marağın göstəricisi sayıla bilər. Bu günlərdə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif bölgələrindən gəlmiş siyasətçilər, siyasi və iqtisadi təhlilçilər, araşdırmaçılar iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev öz ənənəsinə sadiq qalaraq konfrans iştirakçıları qarşısında çıxış edib və onların suallarını cavablandırıb.
Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Orta Dəhliz marşrutunda Azərbaycanın yeri və rolu” sərlövhəli məqaləsində yer alıb.
Teleqraf.com məqaləni təqdim edir.
Prezidentə verilən suallar dünyadakı mövcud siyasi vəziyyət, iqtisadi çağırışlar, Cənubi Qafqaz bölgəsində təhlükəsizlik məsələləri ilə bağlı mövcud durum və bölgənin gələcəyinə baxış, eləcə də dünyanın ayrı-ayrı bölgələrində baş verən hərbi toqquşmalara ölkəmizin münasibətini əhatə edirdi. Prezident İlham Əliyev sualları cavablandırarkən Azərbaycanın daxili siyasət prioritetlərini açıqlayaraq bildirdi ki, “...güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir...”. Azərbaycan Prezidenti, həmçinin bildirdi ki, “...təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq...”.
Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq - Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkə Prezidenti Azərbaycanda Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisi, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması kimi layihələrin məhz Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı layihələr olduğunu bildirməklə Azərbaycanın bu istiqamətdə növbəti addımlar atacağını bəyan edib. Prezident həmçinin Trans-Xəzər nəqliyyatının imkanlarından daha geniş istifadə etməyin mümkünlüyünü qeyd edib.
Prezident İlham Əliyev bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında təbii qaz təchizatının iki dəfə artırılması haqqında Anlaşma Memorandumunun imzalandığını bildirərək qeyd edib ki, “...bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var...” .
Ölkə Prezidenti bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr haqqında da konfrans iştirakçılarına məlumat verərək ölkəmizin bu istiqamətdə daha böyük enerji potensialına malik olduğunu bildirib.
Prezident İlham Əliyevə verilən suallar arasında Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli münasibətlərinə də toxunulub. Azərbaycanla İtaliya, Türkiyə, Pakistan, İran, İsrail və Fələstin arasında, eləcə də Ərəb Liqası ölkələri və Afrika qitəsi ölkələri ilə əlaqələr haqqında danışan prezident İlham Əliyev Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb.
Konfrans iştirakçılarını maraqlandıran suallar həm də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bağlı olub. Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış şəhər və kəndlərimizin tamamilə dağıdıldığını, tarixi-mədəni abidələrimizin erməni vandalizminə məruz qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev hazırda Böyük Qayıdışı təmin etmək üçün həyata keçirilən layihələrdən danışıb. Dövlətimizin başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşayış məntəqələri müasir dünya elminin ən son nailiyyətləri əsasında yenidən qurulur və yaxın illərdə bu bölgələr dünyanın ən inkişaf etmiş yaşayış bölgəsinə çevriləcək.
Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev konfrans iştirakçılarına bu dəhlizin bölgə miqyaslı əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq münasibətlər sisteminə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini əsaslı şəkildə izah edib. Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxan İranın və Ermənistanın destruktiv fəaliyyətini şərh edən Azərbaycan Prezidenti diqqəti bu ölkələrdə əhalinin aşağı yaşayış səviyyəsinə, hər iki ölkədə hökm sürən iqtisadi tənəzzül vəziyyətinə yönəldərək, belə bir siyasətin perspektivinin olmadığını bəyan edib.
Müzakirələr elə bir yekdil fikirlə tamamlanıb ki, müasir dünya siyasi-hərbi və iqtisadi böhranla üz-üzədir, beynəlxalq təhlükəsizlik sisteminin ciddi islahatlara ehtiyacı var və mövcud şəraitin müsbət istiqamətə yönləndirilməsi üçün dünya birliyinin üzvləri münaqişələrdən imtina edərək qarşılıqlı əməkdaşlıq rejiminə keçməlidir. Azərbaycan Respublikası da öz daxili və xarici siyasətini məhz bu istiqamətdə qurur və bölgə miqyaslı əməkdaşlığı canlandırmaqla dünya miqyaslı əməkdaşlığa mühüm töhfələr vermək əzmindədir.
Hazırda dünyanın bir çox bölgələrində baş verən hərbi toqquşmalar və siyasi çəkişmələr dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə Rusiya ilə Ukrayna arasında baş verən müharibə və bunun nəticəsində Rusiya üzərinə qoyulan çoxsaylı sanksiyalar dünyanın müxtəlif bölgələri arasında beynəlxalq ticarəti və logistika əməliyyatlarını iflic vəziyyətinə salır. Belə bir şəraitdə dünya iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir və bu dəhliz üzərində yerləşən Azərbaycan üçün də yeni imkanlar yaranır. Davamlı iqtisadi inkişaf meyllərini və daxili sabitliyi qorumaqla və yeni yaranmış geosiyasi və geoiqtisadi şəraitdən faydalanmaqla Azərbaycan öz inkişafının yeni bir mərhələsinə adlamaq ərəfəsindədir. Belə bir zamanda ölkəmizin dünya miqyasında artan rolu və dünya dövlətləri arasında artan nüfuzu qürur hissi yaradır. Konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən aldığı təəssüratlar da bir daha bunu təsdiq etdi.