29 Noyabr 2022 13:11
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim komitənin “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı fikirləri müsbətdir. Yalnız bir nəfər qanun layihəsinin əleyhinə səs verib. Bu gün qanun layihəsini konseptual baxımdan müzakirə edəcəyik. Normativ hüquq aktlar haqqında konstitusiya qanunundan sonra “Siyasi partiyalar haqqında” qanuna baxılması zərurəti yaranmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O, qanunun qəbulunda ikinci zərurət kimi bu illər ərzində bir sıra Avropa və post-sovet ölkələrində “Siyasi partiyalar haqqında” qanunların dəyişməsini, müasirləşdirilməsini göstərib.

Əli Hüseynli bildirib ki, qanun hazırlanarkən Avropa Şurası Venesiya Komissiyasının həmin ölkələrə verdiyi tövsiyələr öyrənilib:

“Qanunu qəbul etməkdə bir məqsəd də qabaqcıl təcrübələri bizim də qanunvericiliyə gətirməkdir. Aydındır ki, birləşmək hüququna və azadlığına təminat verilməlidir. Qanun bu təminatı verir. Xüsusilə, vurğulayım ki, 3.2 maddəsi Avropa İnsan Haqları Konvensiyasının tələbini ehtiva edir”.

Komitə sədri qeyd edib ki, qanun layihəsi ictimai müzakirədən keçib: “Bu müzakirələrdə komitə üzvü olmayan deputatlar da iştirak ediblər. Əminəm ki, qanun plenar iclasda qəbul ediləcək”.


Müəllif: Nemət