Bundan sonra Azərbaycanda moped idarə edən sürücülərdən sürücülük vəsiqəsi tələb olunacaq.
Teleqraf.com xəbər verir ki, Milli Məclis “Yol hərəkətləri haqqında” qanuna dəyişiklik edib.
Layihəni deputat Kamal Cəfərov təqdim edib.
Dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Kamal Cəfərov deyib ki, ölkədə moped sürücülərinin sayı minlərlə olduğundan qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Deputat Şahin İsmayılov deyib ki, elektron skuterlərin sürət həddi saatda 60 kilometrə çatır və onlarla bağlı məsələyə diqqət edilməlidir:
“Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanları qoyulub. Bizdə də bu təcrübədən istifadə oluna bilər. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.
Spiker Sahibə Qafarova isə deputatdan skuterlərin sürət həddinin göstəricisi olub-olmadığını soruşub.
Deputat konkret cavab verməsə də deyib ki, skuterlərin sürət həddi saatda 60 kilometrə qədər olur.
“Elə deyirsiniz ki, sanki skuter sürürsünüz”,- konkret cavab ala bilməyən spiker qeyd edib.
Bundan sonra deputat bildirib ki, skuterlərin sürət göstəricisi var.