9 May 2014 14:08
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyi ilə "Panthera"-vəhşi pişiklərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Teleqraf.com-un məlumatına görə, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "Panthera" təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu populyasiyanım mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulub.

"Panthera" təşkilatı, həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasına yardım göstərəcək.

IDEA-nın təsisçisi Leyla Əliyeva bildirib: "Biz çox şadıq ki, vəhşi pişiklərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan "Panthera" ilə strateji əməkdaşlıq haqda müqavilə bağladıq. "Panthera" Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə bağlı həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir".

Tomas S. Kaplan Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini bildirib: "Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - "Pardus" layihəsinə start verilib. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir".

Qeyd edək ki, "Panthera" ilə beynəlxalq əməkdaşlıq çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20 müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim edilib.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənubi-qərb hissəsində, Azərbaycanla İran sərhədində isə 25-dəkdir.


Müəllif: