9 Dekabr 2022 11:56
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

“Azərbaycan öz ərazisində dövlət qanunlarını icra edir, təbiətini, ekologiyasını qoruyur. Eyni zamanda ölkəmizin əsas hədəfi ərazimizdə olan erməni separatçılarını qovub çıxarmaqdır. Məlumdur ki, ortada üçtərəfli saziş var və bu məsələ həmin sazişdə öz əksini tapıb. Amma təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələri gələrək ərazidə yerləşdilər. Erməni silahlı qüvvələri hələ də ərazimizdən çıxmayıblar”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O, bununla paralel olaraq Rusiya sülhməramlı qüvvələrin bir sıra razılaşmanı pozduğunu vurğulayıb:

“Erməni silahlı qüvvələrinə imkan yaradıblar ki, əraziyə silah-sursat gətirsinlər. Elə bu yaxınlarda İran vətəndaşlarından ibarət olan terrorçuları məhz rus sülhməramlılar Azərbaycanın qanuni ərazilərinə buraxıblar. Bu, beynəlxalq, eləcə də üçtərəfli razılaşmaları pozmaq deməkdir. Hazırda biz normal vəziyyəti bərpa etməyə çalışırıq”.

Asim Mollazadə qeyd edib ki, separatçılar olan ərazilərdə Azərbaycan dövlətinə məxsus yataqların istismarı, talanması ilə bağlı mətbuatda məlumatlar gedirdi:

“Beynəlxalq terrorizm qruplarının bundan yararlanması haqda xəbərlərdə gəzirdi. Eləcə də rus sülhməramlı qüvvələrin içərisində kimlərinsə Azərbaycana məxsus faydalı qazıntıların işlənməsinə şərait yaratdığı haqda fikirlər səslənirdi. İndi Azərbaycan öz ərazisində öz hüquqlarını bərpa etməyə çalışır. Bu məqsədlə rus sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə monitorinq aparılır, yataqlarımızın durumu, eləcə də ekoloji vəziyyət araşdırılır”.


Müəllif: Nemət