“Millət vəkilləri müzakirələr zamanı seçildikləri rayonlarda kommunal, su, qaz, yollarla bağlı problemlərin həlli və digər istiqamətlərdə təkliflərlə çıxış ediblər. Bu məsələlərin çoxu investisiya proqramları çərçivəsində həll edilməsi üçün ardıcıl işlər görülür və bundan sonra da görüləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2023-cü il büdcəsi hazırkı dövrün problemlərini və aktual çağırışlarını özündə əks etdirir.
Onun sözlərinə görə, büdcədə ehtiyaclar və imkanlar düzgün balanslaşdırılmalıdır.
Əli Əsədov əlavə edib ki, büdcəni qəbul edərkən makro iqtisadi və maliyyə sabitliyi, eləcə də strateji valyuta imkanları diqqətdə saxlanılıb.
Baş nazir daha sonra əlavə edib ki, şəhid ailələri, qazilərin sosial durumnun yaxşılaşdırılması nəzərdə tutulur və bu davamlı olacaq: “Azərbaycan dövlət büdcəsinin 67 faizi sosial yönümlü xərclərdir. Bu rəqəmlə 15,2 milyard manat edir. Qeyd edim ki, bütün bunlar prezidentin qiymət artımına həssas yanaşdığını, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün addımlarını göstərir”.