9 May 2014 13:18
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) İstanbuldakı Baş Qərargahından İslamazeri.az-a verilən məlumata görə, Elşad İskəndərov yenidən bu beynəlxalq qurumun Baş Katibi vəzifəsinə seçilib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ İKGF-nin Prezidenti Əli Sarıkaya 6 may 2014-cü il tarixində imzalayıb. Qərarda həmçinin, Elşad İskəndərova Forumun Baş Katibi vəzifəsilə yanaşı, qurumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. Fövqəladə və səlahiyyətli səfir ranqı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətində olan Elşad İskəndərov bu vəzifədə ölkəmizi rəsmən təmsil edəcək.

Xatırladaq ki, 2007-2012-ci illərdə bu vəzifəni icra etmiş Elşad İskəndərova Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2009-ci il tarixli Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik ranqı verilib. E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun Baş Katibi vəzifəsinin icrasını dayandırıb.

Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.


Müəllif: