Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xəzər dənizi akvatoriyasında neft sızmaları ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq seminar keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Seminarda Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Bakı Ali Neft Məktəbi və BP şirkətinin nümayəndələri iştirak ediblər. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq Universiteti və Dövlət Yanğından Mühafizə Xidmətinin Akademiyası, Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası, Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nümayəndələri seminara onlayn formada qoşulublar.
Seminarın keçirilməsində əsas məqsəd neft dağılmaları ilə mübarizə məqsədilə təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.
Əvvəlcə, seminar iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Seminarda açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor B.Salayev iştirakçıları salamlayaraq qeyd edib ki, 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Bu müqavilənin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını reallaşdıracaq çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edib.
Baba Salayev bildirib ki, seminarda Xəzər dənizində neft sızmaları və bu sızmaların qarşısının alınmasında birgə fəaliyyətə dair səslənəcək elmi yanaşmalar müstəsna əhəmiyyətli olacaq. Xəzər dənizi hövzəsi qapalı su mənbəyidir və onun özünü təmizləmə qüvvəsi məhduddur. Qapalı hövzələrin isə dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü kimi problemləri var. Buna görə də Xəzəryanı dövlətlərin Xəzər dənizinin ekosistemini qoruyub saxlaması və onu çirkləndirməməsi, neft sızmalarının qarşısını alması, mümkün ekoloji risklərin müəyyənləşdirilməsi bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas vəzifələri olmalıdır.
Sonra çıxış edən FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2004-cü ildə imzaladığı qanunun əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, neftlə çirklənmə hallarına qarşı mübarizə yalnız birgə əməkdaşlıq sayəsində mümkün ola bilər. Birgə əməkdaşlığı inkişaf etdirmək üçün Xəzər dənizinin neftlə çirklənməsinə qarşı mübarizə üzrə regional əməkdaşlıq planı çərçivəsində FHN-in və ölkəmizin müvafiq dövlət qurumlarının iştirakı ilə mütəmadi olaraq təlimlər keçirilir.
Daha sonra FHN-in Akademiyasının, sözügedən dövlətlərin tədris müəssisələrinin nümayəndələrinin məruzələri dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda seminar iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.