11 Dekabr 2022 17:59
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanın keçirilməsi üçün ümumilikdə 3 bina, 5 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 38 nəzarətçi-müəllim, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın dekabrın 17-də (əcnəbilər üçün Azərbaycan dili imtahanı dekabrın 13-də) keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahanların nəticələri Danışıq bloku imtahanı keçiriləndən sonra 2 həftə ərzində elan olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər