12 Dekabr 2022 14:53
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan çıxılmaz vəziyyətlə üzləşmişdi. Torpaqların bir hissəsi işğal olunmuş, ölkədaxili siyasi vəziyyətə dağıdıcı xarici təsirlər heç vaxt görünməmiş dərəcədə yüksək idi və ölkədə dezinteqrasiya prosesləri günbəgün güclənirdi. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi və dövlətin mövcudluğu özü böyük sual altında idi.

Belə bir çətin dönəmdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev həlli mümkün görünməyən çox çətin problemlərin öhdəsindən gəlməli idi. Müharibəni dayandırmaq, ölkəni parçalanmaya aparan separatizmi cilovlamaq, ayrı-ayrı dəstələr şəklində özbaşına, vahid komandanlıq və döyüş üçün ən zəruri silah-sursatı olmayan ordu hissələrində nizam-intizam yaratmaq və eyni zamanda, gündən-günə genişlənən işğalın qarşısını almaq lazım idi. Döyüş meydanında ölkənin müdafiəsini təşkil etməklə yanaşı, həm də nizami ordu və yeni zəruri dövlət idarəçilik institutları yaradılmalı idi. Bir sözlə, ölkə uzun müddət davam edən uğursuzluqlar labirintindən çıxarılmalı idi. Məhz o zamanlarda ilk baxışdan həlli olmayan problemlərə Heydər Əliyev yanaşmasının orijinallığı və unikallığı özünü bütün qüdrəti ilə göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

“Heydər Əliyev, ilk növbədə, müharibəni dayandırmağa müvəffəq oldu. Qısa bir müddətdə hərbi, siyasi və iqtisadi layihələrlə yanaşı özünün yeni neft strategiyasını hazırladı. Çoxlarının təəccübünə səbəb olsa da yeni neft strategiyası ozamankı hərbi-siyasi və iqtisadi-sosial böhran vəziyyətində Heydər Əliyev siyasətinin prioritet məsələsi kimi təqdim olunurdu. Çünki Heydər Əliyev ölkə üçün ən təcili və zəruri iqtisadi -sosial problemlərin, habelə ölkənin ərazi bütövlüyünün təmin olunması kimi taleyüklü hərbi-siyasi problemin həllini məhz özünün hazırladığı yeni neft strategiyasında birləşdirmişdi.

Azərbaycan neft sənayesinin gücü və əhəmiyyəti Heydər Əliyevə hələ 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdən yaxşı bəlli idi. Hələ o zaman onun rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatı və istismarı istiqamətində böyük işlər görülmüşdü. Yeni neft-qaz yataqları aşkar edilmiş və istismara verilmişdi. Neft və qaz ehtiyatlarının həcmi bir neçə dəfə artırılmış, ölkədə çoxsaylı neft sənayesi müəssisələri yaradılmışdı”, - deyə deputat bildirib.

O qeyd edib ki, müharibənin dayandırılması, eyni zamanda, dünyamiqyaslı neft şirkətləri ilə Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi haqqında danışıqlara başlanıldı. Heydər Əliyev qısa bir müddətdə aparıcı beynəlxalq şirkətləri Azərbaycan tərəfindən təklif olunan layihələrə sərmayə yatırmağa razı sala bildi. 1994-cü il sentyabrın 20-də dünyanın 7 ölkəsindən olan 11 şirkətin iştirakı ilə Azərbaycanın tarixində ən böyük neft müqaviləsi imzalandı. Bu müqavilə tarixə “Əsrin müqaviləsi” adı ilə daxil oldu. “Əsrin müqaviləsi” təkcə Azərbaycan neftinin gələcəyini müəyyən etmədi, həm də milli müstəqilliklə bağlı Azərbaycan xalqının taleyini həll etdi. Məhz Heydər Əliyevin neft strategiyası həmin dövrdə ölkəni bürümüş dərin iqtisadi-sosial və ictimai-siyasi böhranın qarşısını aldı. Siyasi, iqtisadi və sosial həyatda tənəzzülə son qoyuldu və kövrək inkişaf meylləri özünü göstərməyə başladı. Daha sonrakı dövrdə neft müqavilələrinin işləməsi və ilbəil hasilatın artırılması tədricən ölkəni böhrandan çıxardı. Neft strategiyasının uğuru dünyanın aparıcı ölkələrinin Azərbaycana marağını təmin etdi.

“Az sonra yeni əsaslar üzərində bazar iqtisadiyyatının qurulması və maliyyə sabitliyinin yaradılması təmin olundu. Davamlı olaraq aparılan uğurlu sosial siyasət qaçqın və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmağa, xalqın rifah halını yüksəltməyə imkan yaratdı. Daha sonrakı illərdə Heydər Əliyevin neft strategiyası Bakı-Tbilisi- Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və nəhayət, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin uğurla həyata keçirilməsində öz əksini tapdı. Azərbaycan Şərq-Qərb və Şimal– Cənub nəqliyyat marşrutlarının kəsişmə məntəqəsinə çevrildi. Son iki onillikdə ölkədə həyata keçirilmiş ardıcıl islahatlar Azərbaycanın davamlı inkişaf edən müasir və demokratik ölkəyə çevrilməsinə və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxardı. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ictimai-siyasi və mədəni-sosial həyatın demokratikləşdirilməsi istiqamətində aparılan islahatlar Azərbaycanı ən islahatçı ölkə kimi tanıtdırdı. Dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq münasibətləri quruldu. O cümlədən Avropa İttifaqının üzvü olan 9 ölkə ilə Strateji Tərəfdaşlıq haqqında müqavilələr imzalandı. Heydər Əliyev tərəfindən hazırlanmış neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz geosiyasətində aparıcı rola yiyələndi.

Lakin bütün bunlar torpaqlarımızın 20 faizinin işğal olunduğu və ölkəmizə qarşı hərbi-siyasi təzyiqlərin davam etdiyi bir dövrdə baş verirdi. Bu müddət ərzində Azərbaycan güclü müasir ordu yaratmağa və onu ən qabaqcıl texnika və silahlarla təmin etməyə nail oldu. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer aldı. Bütün bu nailiyyətlər işğal altında qalmış torpaqlarımızın azad edilməsi üçün güclü zəmin və sarsılmaz inam yaradırdı”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Onun sözlərinə görə, nəhayət 2020-ci il sentyabrın 27-də çoxdan gözlənilən həqiqət anı gəldi. Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ayağa qalxan Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi. Bu, Azərbaycan xalqının tarixində ən böyük Qələbə idi. Bu, xalqla ordu birliyinin Qələbəsi, cəmiyyətdə ictimai konsensusun və prezident İlham Əliyevin yüksək sərkərdəlik məharətinin parlaq nümayişi idi.

“Bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan müstəqil və güclü bir dövlətdir. Azərbaycan hazırda Avropanın enerji resursları ilə təminatında yeganə alternativ mənbə kimi dünya ölkələri üçün çox vacib bir tərəfdaşdır. Ukraynada baş verən hadisələrlə bağlı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu daha da güclənməkdədir. Azərbaycan bütün istiqamətlərdə qaliblər sırasındadır. Bu qələbələrin əsası isə hələ keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub”, - deyən deputat fikirlərini yekunlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər