Çinin ölkəmizdəki səfirliyi Azərbaycan Kommunist Partiyasına 10 min manat mükafat və ya avadanlıq verməsi ölkəmizdə kommunist adına fəaliyyət göstərən partiyalar arasında əsl qalmaqala səbəb olub. Amma ölkəmizdə kommunist partiyası adına 4-5 qurum fəaliyyət göstərdiyi üçün maliyyənin kimə verilməsi dəqiq bəlli deyil.
Teleqraf.com xəbər verir ki, Rauf Qurbanovun rəhbəri olduğu Kommunist Partiyası bu maliyyəni almayıb.
Ehtimal olunur ki, məhz bu partiyadan ayrılan və özlərini partiya elan edən qüvvələrə belə maliyyə verilə bilər.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov da deyib ki, sözügedən maliyyə və avadanlığın onlara aidiyyəti yoxdur:
“Bildiyiniz kimi Azərbaycan Kommunist Partiyası dörd qrupa - Telman Nurullayevin, Hacı Hacıyevin, Gülnisə Mənsimova və Rauf Qurbanovun başçılıq etdiyi qruplara parçalanaraq fəaliyyət göstərir. Bunlardan birinin rəhbəri Hacı Hacıyev Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində görüş keçirib. Bu barədə onlar özlərinin sosial şəbəkədəki hesabında məlumat veriblər. Həmin məlumatda Çin səfirliyinin Azərbaycan Kommunist Partiyasına kompüter və digər texniki avadanlıqların verəcəyi ilə bağlı müqavilə bağlamaları da öz əksini tapıb.
Hesab edirəm ki, dost sosialist Çin Xalq Respublikasının Azərbaycan Kommunist Partiyasına səmimi yoldaşcasına bu xeyirxah münasibəti yüksək qiymətləndirilməlidir. Bu yardıma qısqanclıqla yanaşan digər qruplardakı yoldaşlar da bizim bir yolun yolçusu olmağımızı qəbul etməlidirlər. Bu məsələ ilə bağlı cürbəcür cəfəng, mənasız iddialarla çıxış etmək yol verilməzdir. Heç bir təmənna, maddi yardım əqidə birliyimizə xələl gətirməməlidir. Bizim bəzi yoldaşlar iddia edirlər ki, Çin səfirliyi tərəfindən yardım edilmiş - bunu dəqiqləşdirmək lazımdır - qrupun rəhbəri Hacı Hacıyevin ümumilikdə partiyanın başçısi kimi danışmaq səlahiyyəti yoxdur. Əlbəttə, bu, ayrı söhbətin mövzusudur. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanun qəbul ediləndən sonra bütün bu məsələlər öz hüquqi həllini tapacaq”.