Şuşa və Bakıda Türk Dövlətləri Təşkilatının diaspor sahəsinə cavabdeh olan nazirlərin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Forum çərçivəsində təşkilatın nümayəndə heyətlərinin rəhbərləri üzv dövlətlərin diasporalarının hazırkı vəziyyətini əhatə edən müxtəlif mühüm gündəlik məsələləri müzakirə edəcəklər.
Həmçinin üzv dövlətlərin diaspor təşkilatları arasında əməkdaşlığın və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məsələsi gündəlikdə olacaq.
Eyni zamanda tərəflər Türk Dövlətləri Təşkilatının “2023-cü il üçün Diaspora Birgə Fəaliyyət Planı”nı işləyib hazırlayacaqlar.
Proqramın ikinci günündə Yüksək Səviyyəli Diaspor Nümayəndələri Şuşaya səfər edəcək və şəhərdə aparılan bərpa və tikinti işləri ilə yerindəcə tanış olacaqlar.
Qeyd olunub ki, beynəlxalq forum dekabrın 20-21-də təşkil olunacaq.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr isə qurumun müşahidəçi üzvüdür.