Tərtər rayonu Sol Sahil magistral su kanalında təmir tikinti və quraşdırılma işləri gələn ilin oktyabrında yekunlaşacaq.
Teleqraf.com xəbər verir ki, bunu Tərtərdə mediatur zamanı jurnalistlərə açıqlamasında Tərtər Hidroqovşaq İstismar İdarəsinin rəisi Emin Hacıyev deyib.
O bildirib ki, işlər 15 gün öncə başlanılıb:
"Uzunluğu 22,4 kilometr olan kanal dörd rayonu su ilə təmin edəcək. Bunlar Goranboy, Yevlax, Bərdə və Tərtər rayonunun sol sahilində yerləşən kəndlərdir. Kanal ümumilikdə 29 min hektar sahəni suvaracaq. Bunlar taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, bostan bitkiləri sahələridir".
Onun sözlərinə görə əvvəllər də bu kanal mövcud olub, amma Birinci Qarabağ Müharibəsindən sonra bu kanala su gəlməyib.
"Suqovuşan su anbarı bizdə olmadığı üçün kanalın aşağı hissəsində su olub. Bu hissəyə suyu Xan arxı torpaq kanalından vermişik. Kanalın yuxarı hissəsi olan 5 250 metrlik Sağ Sahil magistral kanalı da paralel təmir edilib. Bunların hər ikisi eyni vaxtda tamamlanacaq. İstifadəyə veriləndən sonra qeyd etdiyim ərazilərə Sol Sahil kanalından su verəcəyik" - qeyd edib