Dekabrın 18-də Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Teleqraf.com xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 2420 nəfər müraciət edib. 1909 nəfər test imtahanında iştirak hüququ qazanıb və onlardan 651 nəfəri qadındır.
İmtahanda qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi kimi iştirak ediblər.
Test imtahanının nəticələri 3 gün müddətində Dövlət Gömrük Komitəsinin saytında elan ediləcək və hər bir namizədin qeydə alınmış e-poçt ünvanına bu barədə məlumat göndəriləcək.
Test imtahanında müvəffəqiyyət qazanan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər.
Test imtahanından və müsahibədən uğurla çıxan namizədlər müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlar barəsində müəyyən olunmuş qaydalara uyğun vakant vəzifələrə təyin ilə bağlı müvafiq qərar qəbul edilir.
Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə təyin olunmayan namizədlərin potensialından səmərəli istifadə məqsədilə həmin şəxslərin iki il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilməsi və iki il müddətində vakant vəzifə yarandıqda onların həmin vəzifələrə təyin olunması nəzərdə tutulur.
Müsabiqənin müsahibə mərhələsi şəffaflığın təmin olunması üçün videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə keçiriləcək. Eyni zamanda müsahibə komissiyalarının tərkibinə müstəqil ekspertlər də daxil ediləcək.