Son iki ildə paytaxtda fəaliyyət göstərən sürücülük kurslarının sayı artıb. Bu, yəqin ölkədə, o cümlədən Bakıda avtomobil sayının artması ilə bağlıdır. Maşın çox, sürücü olmaq istəyən ondandan da çox… Bəs peşəkarlıq səviyyəsi?
Beləliklə, paytaxtda fəaliyyət göstərən bir neçə sürücülük kurslarına baş çəkmək qərarına gəldik.
“80 manat ver, qeydiyyatdan keç”
Bakıxanov küçəsində “Sürücülük kursları” lövhəsi gözümüzə dəydi. Ox işarələrinin izinə düşüb binanın arxasında yerləşən ofisi tapdıq. Jurnalist olduğumuzu biləndə dedilər ki, müdir özü yoxdur, şəkil çəkməyə icazə verə bilmərik. Bir nəfərdən ayaqüstü kursa yazılma qaydalarını öyrəndik.
Kurs nümaynəndəsinin sözlərinə görə, kursa yazılmaq üçün 80 manat pul, 2 fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini gətirmək lazımdır: “Kursa yazılmaq istəyən tələbələr əvvəlcə pul keçirir, sənədləri təqdim edir. Bundan sonra ona fərdi müəllim təyin olunur”.
Həmsöhbətimiz hesab edir ki, kursda qiymətlər normaldır: “Məsələn, bəzi kurslarda fərdi hazırlıqlar 110-140 manatdır. Normal sürücülük kursları maşın sürməyi tam öyrədir. Amma sürücülük vəsiqəsini pul verib alsan, 500-700 manatın çıxacaq. Bundansa kursda halallıqla sürücülüyü öyrənmək yaxşıdır. 80 manat ver, qeydiyyatdan keç, daha sonra maşın idarə etməyi öyrən. Həm xərcin az çıxsın, həm də peşəkar olasan”.
“Kişidir, yoxsa qadın?”
Başqa bir sürücülük kursunun qəbul şöbəsinə yaxınlaşdıq. Burada əyləşən xanım bizi gülər üzlə qarşıladı.
Qəbul şöbəsinin əməkdaşı Gülər Ağayeva bildirdi ki, bu kurs yalnız xanımlar üçündür: “Hazırda kursda nəzəriyyə dərsi gedir. Sürücülüyü öyrənmək istəyənlər isə yalnız qadınlardır. Kursumuzu Bakıdakı başqa sürücülük məktəblərindən fərqləndirən də tələbələrin xanım olmasıdır. Həftədə iki dəfə dərs keçilir, bir ay yarımlıq nəzəriyyə dərsi 120 manatdır”.
Müsahibimiz praktik məşğələrdən də danışdı: “Təlim dərslərinin bir saatı 20 manatdır. Qrafik sərbəstdir. Xanımlargünün istənilən münasib vaxtında təlimə gələ bilərlər. 20 manat qadınlar üçün baha ola bilər deyə bizdə xüsusi paket də var. Məsələn, sürücülük təliminə həftədə 5 dəfə gələn xanıma endirim edilir. Bu halda 100 manat yox, 85 manat ödəyir.
Kursumuzda nəzəriyyə və təlim keçən xanımların 10 nəfərindən 7-si imtahanı uğurla verir. Xanımlar kursa yazılanda daha çox təlim dərslərini istəyir və ilk soruşduqları da bu olur: təlim keçən müəllim kişidir, yoxsa qadın? Qiymət, vaxt hamsı arxa planda qalır. Eşidəndə ki, təlimçi qadındır, çox sevinirlər. Bizdə hicablı xanımlar da çoxdur, onlar da yalnız qadın təlimçi istəyirlər.
Bəziləri sürücülük nəzəriyyəsinə maraq göstərmirlər, düşünürlər ki, öyrənsələr də imtahanda pul verməli olacaqlar. Onları inandırmağa çalışırıq ki, nəzəriyyəni yaxşı bilsələr, sürücülük vəsiqəsini öz hesablarına alarlar”.
“Cərimə effekt verir”
Nəzəriyyə müəllimi İlqar Quliyevlə söhbətləşdik. Onun sözlərinə görə, xanımların əksəriyyəti yol hərəkəti qaydalarını bilmirlər: “Biz kursun nəzəriyyə hissəsində əsas terminləri öyrədirik. Terminlərdən sonra hissə-hissə başlayırıq nişan növlərini öyrətməyə. Yol hərəkəti qaydalarında 7 nişan qrupu var, onları praktiki göstərməliyik. Məsələn, svetofor və nizamlayıcı siqnallara dəqiq əməl etməlisən, əks təqdirdə sürücü 3 bal və 60 manat cərimə ödəməli olacaq. Cərimə olan yerdə həmişə məsuliyyət əmələ gəlir”.
“Kişilər evdə deməsələr də…”
İlqar Quliyev dərslərin keyfiyyətindən də danışdı: “Eləsi var deyir, oxuyuram, yadımda qalmır. Biz də çalışırıq çətinlik yaradan mətnləri, anlayışları hissə-hissə təkrar keçək. Kim desə ki, mənim tələbələrim 100 faiz imtahan verib keçir, yalandır. Yalnız oxuyan, hazırlaşan tələbə imtahanda uğur qazanır.
Bizim kursda nəzəriyyə öyrənmiş tələbələrin 60 faizi birinci imtahanda qiymət alır. Sonrakı imtahanlarda bu faiz yüksəlir. Daha çox “B” kateqoriyasına aid dərslər keçirik. Bu kateqoriya 3500 kiloqram həcmində avtomobilləri idarə etməyə icazə verir.
Xanımlar pis maşın sürmürlər... Kişilər isə evdə deməsələr də maşın sürməyi cərimə ödəyə-ödəyə öyrənirlər. Bizim xanım sürücülər yol hərəkət qaydalarını nəzəri olaraq öyrənsələr, heç bir problem qalmaz”.
“70 belə təlimə gəlsələr də…”
Təlimçi Flora Bədəlovanın 15 illik sürücülük təcrübəsi var. Onun sözlərinə görə, maşın sürən qadınlar kursa daha çox təlim üçün müraciət edirlər: “Çox vaxt sükan arxasına keçən qadınlar ilkin dövrlərdə yol hərəkəti qaydalarından xəbərsiz olurlar. Çünki nəzəri dərslərə soyuq yanaşırlar. Biz də məcur qalıb yol nişanlarının funksiyalarını onlara başa salırıq.
Bəzən elə xanım olur ki, nəzəriyyə dərsi keçdiyi halda nişanları tanımır. Bəzi xanımlar isə təlimə neçə dərs gələcəyi ilə maraqlanır. Onlara izah edirik ki, nə zaman müəllimin köməyi olmadan sərbəst maşın sürsəniz, dərs müddəti bitmiş olacaq. Özləri öyrənməyə cəhd etməsələr, 70 təlimin də faydası yoxdur”.
“Kişi müəllimlər aqressiv olur”
Sürücülük kursuna gəlmiş Günel deyir ki, kişi təlimçilər maşın sürməyi düzgün öyrətmirlər: “Hazırda onuncu dərsdir təlimə gəlirəm. İlk əvvəllər sükan arxasında qorxurdum, hətta qışqırıdım ki, qarşıdakı sürücüyə deyin, maşını kənara çəksin. İndi rahatam. Çətinliyim isə yalnız yol nişanlarıdır.
Uşağım var deyə nəzəriyyə dərsi keçməyə vaxtım olmur. Sərbəst qrafik olduğu üçün təlim keçməyə gəlirəm. Mən kursa yazılanda istədim ki, qadın təlimçi olsun. Çünki kişi təlimçilər maşın sürməyi öyrədəndə qışqırırlar. Kişilər öyrətsəydi, qardaşım və ya həyat yoldaşım öyrədərdi”.
57 yaşlı Yeganə xanım deyir ki, onun da ümumi kurslara getməməsinə səbəb əks-cinsin yanında sərbəst davrana bilməməsi olub: “Gənc yaşlarımdan maşın sürməyə həvəs göstərmişəm. Müəyyən problemlər, qayğılar bu arzumu gecikdirib. 57 yaşımda Allah mənə qismət elədi və maraqlanıb bu kursu tapdım. Kişi və qadınların bir yerdə olduğu kurslara ona görə getmədim ki, orada müəllimlər kişidir. Hesab edirəm ki, qadın qadınla daha yaxşı dil tapa bilər”.
İlhamə Əbülfət