Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti şəhər xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər. Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən digər natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş yoxlamaların nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.