Milli Məclis Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan layihələri müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, dəyişiklikləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri qeyd edib ki, sənədlər prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsinə, keyfiyyətinin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsinə xidmət edir.
İKT-nin iqtisadiyyatın inkişafına təsirlərindən söz açan komitə sədri Azərbaycanda da bu sahəyə göstərilən yüksək dövlət qayğısından danışıb. O, qanun layihələrində İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, ölkədə rəqəmsal inkişafın təşviq edilməsi, xarici investisiyaların, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verib.
Qeyd edək ki, qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 01 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir.
Dəyişikliklər aşağıdakılardan ibarətdir:
Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq
Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət (20%) və gəlir (14%) vergisindən tam azad ediləcəklər.
Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10%) ləğv ediləcək.
Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər – 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 man) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.
Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq.
Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.
Tahir Mirkişili bildirib ki, təklif edilən dəyişikliklər İKT sahəsində digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadi mühitini cəlbedici edəcəkdir. O, qeyd edib ki, bölgədə İKT sahəsində ciddi rəqabət müşahidə edilir, xüsusilə Rusiya-Ukrayna savaşı bu sahəyə təsir edir. Ölkəmizdə il ərzində 3500 İKT mütəxəssisi hazırlanır, amma ölkəmizdə bu sahəyə 20 min mütəxəssisə ehtiyac var.
Hazırda qanun layihələri ətrafında müzakirələr gedir.