Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi qətiyyəti sayəsində iki qardaş ölkə arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb.
Qeyd olunub ki, 2021-ci ilin iyul-avqust aylarında, o cümlədən 2022-ci ilin iyun ayında qardaş Türkiyədə baş vermiş güclü meşə yanğınları zamanı birgə fəaliyyət nəticəsində yanğınların qarşısının alınması və söndürülməsi bir daha iki ölkə arasında olan əlaqələrin sıx və sarsılmaz olduğunun sübutudur.
Görüşdə ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, meşə yanğınlarına qarşı mübarizə tədbirlərinin təhlili, monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, habelə bu sahədə birgə təlimlərin keçirilməsi məsələləri də nəzərdə keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.