Azərbaycan və Serbiya arasında mövcud olan ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Serbiya arasında münasibətlər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əsaslanır. Əlbəttə bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün zəmin yaradan ən vacib amillərdən biridir. Bundan başqa, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, iki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Serbiyanın ölkələrimizin suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti və dəstəyi hər iki ölkə arasında strateji tərəfdaşlığın təməl daşlarını təşkil edir. Xüsusilə qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı ona göstərilən xüsusi hörmət və ehtiram Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, gücünün və qüdrətinin növbəti təzahürü idi. Bu gün Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və tərəfdaşlarından biridir. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayında Serbiyaya rəsmi səfəri, daha sonra prezident A.Vuçiçin dekabr ayının 21-də ölkəmizə səfəri ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə daha da inkişafına böyük töhfə verib.
Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq bildirib ki, ölkələrimiz arasında müdafiə sənayesi sahəsi perspektiv əməkdaşlıq istiqamətləri içərisində xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetiriləcəyinə inanırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilmişdir. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır. Bu baxımdan onu da deməliyik ki, ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsi xalqlarımız arasında turizmi və işgüzar əlaqələri gücləndirəcəkdir.
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirlər söyləmək olar. Bu baxımdan deməliyik ki,ikitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Və bu prinsiplərə əsaslanaraq da inkişaf edəcəkdir. Millət vəkili Tamam Cəfərova belə deyib.